"Dünyanın təhsil mənzərəsi"

Pedaqoji kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi işi – dünya təcrübəsi
Bu yazıda Belorusiya və Qazaxstanda pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlb olunması prosesindən bəhs olunur.
Dünyanın ayrı-ayrı ölkələrində müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi işi təhsil sahəsinin idarəediciləri qarşısında mühüm vəzifə kimi dayanır. Bu da təsadüfi deyil. Təhsil sisteminin, şəxsiyyət hazırlığının, təlim-tərbiyə işinin keyfiyyəti məhz pedaqoji kadrların hazırlıq səviyyəsindən asılıdır. Araşdırmalarımız göstərir ki, pedaqoji kadr hazırlığının, müəllimlərin təkmilləşdirilməsi işinin səmərəsini artırmaq üçün dünyanın müxtəlif ölkələrində kifayət qədər geniş proqramlar, layihələr, çoxsaylı institutların gücündən istifadə olunur.
Belorusiya
Belorusiyada pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə geniş təhsil şəbəkəsi fəaliyyət göstərir. Bu şəbəkəyə Diplomdansonrakı Təhsil Akademiyası, 7 regional təkmilləşdirmə institutu, 9 ixtisasartırma institutu, ali pedaqoji məktəblərin nəzdində yaradılmış çoxsaylı strukturlar daxildir. Pedaqoji kadrların ixtisasının artırılması nəzəri, təcrübi istiqamətdə aparılır, laboratoriya işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Pedaqoji və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, yeni təlim texnologiyaları, informasiya mənbələri ilə işləmək bacarıqlarının aşılanması, pedaqogika tarixi və onun inkişaf dinamikası ilə tanışlıq, psixoloji biliklərin aşılanması və nəhayət ixtisas üzrə biliklərin artırılması diqqət mərkəzində saxlanılır. Belorusiyada ixtisasartırma kursları adətən iki həftə davam edir. Elmi və metodiki təcrübələr isə əsasən tədris prosesindən ayrılmadan təşkil olunur.
Qazaxstan
Təhsil sahəsinin inkişafı üzrə 2011-2020-ci illəri əhatə edən İnkişaf Proqramı Qazaxstanda müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafına konseptual və sistemli yanaşmanı özündə birləşdirir. Ölkədə pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işi məhz həmin tarixdən başlayaraq 3 baza kompleksdə həyata keçirilib və bu gün də keçirilməkdədir:
Birincisi “Nazarbayev İntellektual məktəbi” nəzdində “Pedaqoji ustalıq məktəbi”ndə (Center of Excellence). 2012-2016-cı illəri əhatə edən dövrdə 21950 ali və birinci dərəcəli müəllim bu məktəbin kurslarından keçib.
İkincisi “Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi Milli mərkəzi” nəzdində 16 regional ixtisasartırma institutunun xətti ilə. Bu mərkəz birinci və ikinci dərəcəli 78240 müəllimi ixtisasartırmadan keçirib.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işinin digər istiqaməti pedaqoji ali məktəblərdə və bu məqsədlə yaradılmış eksperimental dayaq məntəqələrində həyata keçirilməkdədir. Bu zamana qədər birinci və ikinci dərəcəli 20000 müəllim bu məktəblərin kurslarından keçib.
Ümimilkdə Qazaxstanda pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində 14 vilayət, 2 şəhər təkmilləşdirmə institutu, bu sahə üzrə ixtisaslaşmış 7 mərkəz fəaliyyət göstərir. Bu institut və mərkəzlərin tədris-tematik planları modul texnologiyaları mexanizmi ilə hazırlanır. İxtisasartırma təhsili 60 faiz auditoriyada, qalan hallarda isə auditoriyadan kənarda həyata keçirilir. Kurslar 72 və 36 saatlıq, iki, üçsessiyalı, üçgünlük təsərrüfat hesablı təşkil edilir.
Beynəlxalq təcrübədən istifadə olunur
Qazaxstanda müəllimlərin ixtisasartırılması, pedaqoji hazırlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi sahəsində də sistemli iş aparılır. Məsələn, “Nazarbayev İntellektual Məktəbi” Kembric Universiteti ilə birlikdə bu istiqamətdə aparılan təlimlərin mündəricatını və metodologiyasını özündə birləşdirən 7 modulunu işləyib hazırlayıblar: Bunlar təhsildə yeni pedaqoji texnologiyalar, tənqidi təfəkkür, şagird nailiyyətlərinin kriteriyalar üzrə qiymətləndirilməsi, orta məktəb menecmenti və 12 illik təhsilə keçidlə bağlı tədris kompetensiyalarının əsaslarının öyrədilməsi, İKT-dən istifadə, tədrisdə “e-learning”, istedadlı uşaqlarla işin müasir texnologiyalarla təşkili, konkret yaş qruplarından olan şagirdlərə yanaşmanın pedaqoji-psixoloji xüsusiyyətlərindən ibarətdir.
Kursları bitirən müəllimlərin əmək haqqında 30-100 faiz arası artım olur
Qeyd edim ki, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin təkmilləşdirlməsi işi müəyyən prosedurları əhatə edir. Məsələn, göstərilən modullar üzrə üçaylıq kurs (face-to-face) əyani hazırlıq və on-line tədrisi birləşdirir. Kursu aparan müəllimlərin 60 faizi xarici, 40 faizi isə yerli mütəxəssislər olur. Kursu bitirən müəllimlərin hər biri buraxılış imtahanı verir, sertifikat və 1-2-3-cü səviyyə ixtisas dərəcəsi alır. Müəllimlərin aldıqları dərəcəyə müvafiq olaraq əmək haqları 30 faizdən 100 faizədək arta bilər. Paralel olaraq “Nazarbayev İntellektual Məktəbi” müəllimlər üçün interaktiv sistemdə on-line seminarlar da təşkil edir.
(ardı var)

Böyükağa MİKAYILLI


Mənbə:
http://education-ua.org/ua/porivnyalna-pedagogika/485-profesijnij-rozvitok-uchiteliv

Oxşar xəbərlər