Qran-Pri mükafatına layiq görülmüş azərbaycanlı rəssam kimdir?

Qran-Pri mükafatına layiq görülmüş azərbaycanlı rəssam kimdir? Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Qran-Pri mükafatına layiq görülmüş Əməkdar rəssam Kamal Əhmədov haqqında məqalə yaradıblar.
Məqalədə rəssamın həyat və yaradıcılığı, ailəsi, görkəmli fırça ustası Səttar Bəhlulzadə ilə tanışlığı barədə maraqlı məlumat verilir. Qeyd edilir ki, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən Kamal Əhmədovun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova olub. Rəngkarlıqda realizm ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə Səmədova gənc rəssamın işlərini çox bəyənib və onu dəstəkləyib. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün Kamal təhsilini böyük çətinliklə başa vurub. Onun 1987-ci ildə Bakıda ilk fərdi sərgisi keçirilib. Sonralar rəssamın “Neftçilər”, “Abşeronda”, “Kompozisiya” və digər əsərləri bir çox muzeylərin interyerini bəzəyib, ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilib.
Kamal Əhmədovun əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri kimi şəxsi kolleksiyalarda, böyük muzey və qalereyalarda qorunub saxlanılır. “Ailə” tablosu rəssamın şah əsəridir. “Avtoportret. Çarmıxa çəkilmə” Kamal Əhmədovun son əsəri olub.
Qeyd edək ki, rəssamın “Salvador Daliyə İthaf” əsəri 1989-cu ildə Xəzəryanı respublikaların I Biennalesində Qran-Pri mükafatına layiq görülüb. Kamal Əhmədov 1994-cü ildə vəfat edib.
Məqalə ilə daha ətraflı
https://az.wikipedia.org/wiki/Kamal_%C6%8Fhm%C9%99dov_(r%C9%99ssam) linkdə tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər