Coğrafiya İnstitutu orta məktəblərlə əlaqələrini genişləndirir

Coğrafiya İnstitutu orta məktəblərlə əlaqələrini genişləndirir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakının Yasamal rayonundakı akademik Zərifə Əliyeva adına liseydə olublar.
Təhsil müəssisəsinin direktoru Mehriban Vəliyeva qonaqlara məktəbin tədris proqramı, fəaliyyəti və uğurları barədə məlumat verib. Qeyd edib ki, liseyin əsas məqsədi burada açıq, milli-mənəvi dəyərlərə sadiq, fəal, yaradıcı, bilikli və bacarıqlı, rəqabətqabiliyyətli mühit yaratmaq, ən yaxşı təhsil və elm mərkəzlərindən birinə çevrilməkdir. Məktəbdə “Kiçik akademiya”nın fəaliyyət göstərdiyini bildirən direktor şagirdlərin onun əməkdaşlıq etdiyi müəssisələrin elmi laboratoriyalarından, yeni texnologiyalardan istifadə etdiklərini diqqətə çatdırıb.
Sonra Coğrafiya İnstitutu direktorunun müavini, dosent Məhərrəm Həsənov təmsil etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, tədqiqat sahələri və nailiyyətləri haqqında danışıb. Qeyd edib ki, institutda elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrılıb. İnstitutun əməkdaşları tez-tez Bakının müxtəlif ümumtəhsil məktəblərində olur, şagird və müəllimlərlə görüşlər keçirirlər. Həmçinin məktəblilər instituta dəvət edilir və onlar üçün praktik məşğələlər təşkil olunur.
Görüşdə liseydə coğrafiya təmayüllü qrupun təşkil edilməsi və bu qrupun şagirdlərinin Coğrafiya İnstitutunda elmi tədqiqatlara, çöl işlərinə cəlb olunması fikri irəli sürülüb.
Tərəflər şagirdlər arasında elmi-təcrübi bilikləri zənginləşdirmək, onlarda coğrafiya elminə marağı artırmaq məqsədilə hər iki müəssisə arasındakı əməkdaşlığı daha da inkişaf etdirməyin vacibliyini vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər