Kartoqrafik landşaftometriyanın inkişafı mövzusunda hesabat məruzəsi dinlənilib

Kartoqrafik landşaftometriyanın inkişafı mövzusunda hesabat məruzəsi dinlənilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminar keçirilib.
Seminarda coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun “Kartoqrafik landşaftometriya və onun müxtəlif elm sahələrinin qovşağında inkişafı (analitik aspektdə)” mövzusunda hesabat məruzəsi dinlənilib.
Tədqiqat işi müxtəlif elmlərin qovşağında formalaşmış yeni istiqamətin – kartoqrafik lanşaftometriyanın inkişafının təhlilinə həsr olunub. Məruzədə qeyd olunur ki, lanşaft xəritəçiliyinin sürətli inkişafı, kompleks landşaft xəritələrinin elmi və praktiki tətbiqi bu istiqamətin formalaşması üçün zəmin yaradıb. Morfometrik parametrlərin müqayisəli təhlili lanşaftometrik göstəricilər sisteminin yaradılmasının mümkünlüyünü göstərib. Landşaftometrik göstəricilər və metodik üsulların tətbiqi istiqamətlərə uyğun qruplaşdırılıb və cədvəldə əksini tapıb.
Müəllif lanşaftometrik göstəriciləri müxtəlif landşaft xəritələrinin üzərində yoxlayıb. Alim ərazinin landşaft strukturunu əks etdirən dörd xəritə tərtib edib, cədvəldə verilmiş bir neçə əmsalın müqayisəli analizini aparıb, xüsusiyyətlərini müəyyənləşdirib.
Ş.Əzizov müəllif kartoqrafik lanşaftometriyanın tərifini, predmet və təyinatını müəyyənləşdirib. Məruzədə qeyd edilib ki, əldə olunmuş nəticələr Azərbaycanda landşaft xəritəçiliyinin və ona əsaslanan landşaft morfometriyasının (lanşaftometriya) inkişaf etdiyini, bu sahədə biliklərin və təcrübəninin toplanmasının davam etdiyini göstərir.

Təhsil-press.az

Oxşar xəbərlər