Rusiyanın tanınmış siyasətçisi BSU-nun tələbələrinə mühazirə oxuyub

Rusiyanın tanınmış siyasətçisi BSU-nun tələbələrinə mühazirə oxuyub Bakıda keçirilən VII Qlobal Forumda dünyanın 55 ölkəsindən 500-dən çox nümayəndə iştirak edir. Paytaxta gələn tanınmış siyasi xadimlər arasında Rusiya Federasiyasının birinci və sonuncu dövlət katibi, sabiq Prezident Boris Yeltsinin əsas müttəfiqi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Burbulis də var. Tanınmış siyasətçi bu gün forum çərçivəsində Bakı Slavyan Universitetində (BSU) olub.
Qonağı universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova və digər şəxslər qarşılayıblar.
Rafiq Novruzov universitetin Rusiyanın ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadiləsindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, burada fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, BSU-da multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulayıb. R.Novruzov hazırda BSU-da bir çox ölkələrdən gəlmiş tələbələrin rus dilini və ədəbiyyatını öyrəndiyini bildirib. Prorektor daha sonra Gennadi Burbulisin həyat və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib və onun müasir dövrün tanınmış ideoloqlarından biri olduğunu diqqətə çatdırıb.
Universitetin konfrans zalında tələbələr qarşısında çıxış edən Gennadi Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb və bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. O, elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu, bu məsələdə tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Gennadi Burbulis BSU-nun tələbələrinin suallarına cavab verib və dövlətçilik məsələləri ilə bağlı xatirələrini onlarla bölüşüb.

BSU-nun Mətbuat Xidməti


Rusiyanın tanınmış siyasətçisi BSU-nun tələbələrinə mühazirə oxuyub

Oxşar xəbərlər