Amerikalı mütəxəssis Dövlət İmtahan Mərkəzində müəllimlər üçün təlim keçib

Amerikalı mütəxəssis Dövlət İmtahan Mərkəzində müəllimlər üçün təlim keçib “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” layihəsi çərçivəsində amerikalı mütəxəssis Neytn Kar Dövlət İmtahan Mərkəzində (DİM) müəllimlər üçün təlim keçib.
Neytn Kar DİM-in imtahanlarında istifadə olunan ingilis dili fənni üzrə test tapşırıqlarının qiymətləndirilməsinin “Dillər Üzrə Ümumavropa Tövsiyə Çərçivə Sənədi”nə (CEFR) uyğunlaşdırılması ilə bağlı intensiv təlimlər keçirir.
Müəllimlər üçün aprelin 5-də təşkil olunan və aprelin 8-də və 11-də keçiriləcək təlimlər DİM-in ingilis dili fənni üzrə qiymətləndirmə materialları hazırlayan müəllimlərin təcrübəsinin inkişaf etdirilməsi, o cümlədən yerli müəllimlərin qiymətləndirmə bacarıqları (yazı, oxu, dinləmə üzrə) ilə tanışlıq xarakteri daşıyır.
Təlimin ilk günündə amerikalı mütəxəssis iştirakçılar üçün CEFR-in təqdimatını aparıb, onun ingilis dili üzrə qiymətləndirmədə rolunu vurğulayıb. Daha sonra ingilis dilinin müxtəlif səviyyələri üçün nəzərdə tutulmuş sual nümunələri ilə müəllimlər tanış olub. Təlim praktiki xarakter daşıdığından müəllimlər mütəxəssisin verdiyi müxtəlif növ tapşırıqları da yerinə yetiriblər. İnteraktiv şəkildə təşkil olunan təlimdə müəllimlər, həmçinin mütəxəssis ilə yerli və beynəlxalq qiymətləndirmə metodlarının müqayisəsini də aparıblar.
Təlimin növbəti günlərində ingilis dili fənni üzrə bacarıqların qiymətləndirilməsi üzrə xüsusi tələblər, ABŞ və Azərbaycan məktəblərində dil bacarıqlarının qiymətləndirilməsi təcrübələri, diaqnostik və formativ qiymətləndirmə kimi mövzulara geniş yer veriləcək.
Qeyd edək ki, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” layihəsinin 1-ci mərhələsində fərqlənən müəllimlər 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar aylarında keçiriləcək digər mərhələlərdə iştirak hüququ qazanacaq və tapşırıqların tərtibatı işlərinə cəlb olunacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər