Quzey Kıbrısın dünyaya açılan qapısı – Girnə Amerikan Universiteti

Quzey Kıbrısın dünyaya açılan qapısı – Girnə Amerikan Universiteti Hələ Quzey Kıbrısa getməzdən öncə bu ölkə haqqında təsəvvürlərimin əsasında Girnə Amerikan Universiteti (GAU) dayanırdı. Bu ölkədə 2018-ci ilin iyul ayında düzənlənən, Türk dünyasının müxtəlif guşələrindən elm və təhsil xadimlərinin, müəllimlərin, jurnalistlərin, millət vəkillərinin qoşulduğu “Təhsildə liderlər Forumu”nun təşkilatçılarından biri də məhz Girnə Amerikan Universiteti idi. Forum çərçivəsində Universitetdə keçirilən tədbirlərdən, Girnə Amerikan Kolleci, Universitetin əməkdaşları ilə tanışlıqdan sonra bu təhsil müəssisəsi haqqında təsəvvürlərim bir qədər də genişləndi. Mənim üçün Girnə Amerikan Universiteti həm də ona görə önəm daşıdı ki, Forum çərçivəsində Universitetdə “Bir səma altında” adlı kitabım iştirakçılara təqdim olundu. Önəmli amillərdən biri də bundan ibarət idi ki, Girnə Amerikan Universitetini Quzey Kıbrısın, Türkiyənin dünyaya açılan bir qapısı, dünyanın qabaqcıl təhsil ənənələrini ölkəyə gətirən bir təhsil ocağı kimi görürdüm. Elə buna görə də Universitet haqqında geniş yazı hazırlamaq, onu Azərbaycan ictimaiyyətinə daha yaxından tanıtmaq qərarına gəldim. Quzey Kıbrısa ikinci gəlişimdə - 2018-ci ilin noyabr ayında Girnə Amerikan Universitetinin rektoru, professor doktor Kutsal Öztürklə, Universitetin nəzdində fəaliyyət göstərən Girnə Amerikan Kolleci, Girnə Amerikan Okulunun rəhbərliyi və müəllimləri ilə görüşüm bu təhsil ocağı haqqında təsəvvürlərimi genişləndirdi. Girnə Amerikan Universiteti Kıbrısda təhsilə, elmə verilən dəyər nümunəsi kimi diqqəti cəlb edir.
GAU – nun hədəfi
Girnə Amerikan Universitetinin əsası 1985-ci ildə qoyulub. Maraqlıdır ki, Universitet 7 tələbə ilə fəaliyyətə başlayıb. Hazırda tələbə sayı 20 minə yaxınlaşan universitet 34 ildə dünyada tanınan bir ali təhsil müəssisəsi halına gəib. GAU qısa müddət ərzində Amerika və Avropanın universitetləri ilə əməkdaşlıq qurub. GAU Quzey Kıbrısın Türkiyə Ali Təhsil Qurumu tərəfindən tanınan ilk universitetlərindən biridir. İllər ərzində həyata keçirilən layihələr, beynəlxalq təhsil proqramları GAU – nun dünya miqyasında nüfuzunun artmasına, beynəlxalq akkreditasiyalarının, üzvlüklərinin yaranmasına yol açıb. Yeri gəlmişkən qeyd edim ki, hələ 1995-ci ildən Universitetin xarici əlaqələrinin inkişafı üçün daha münbit zəmin yaranıb. Hindistan, Qırğızıstan, ŞriLanka, Qazaxısatan, Pakistan, Türkiyə, Polşa, Rusiya, Belorusiya, ABŞ, Birləşmiş Krallıq, Çexiya və Honq-konqla əməkdaşlıq qurulub. GAU-nun fəaliyyəti, strateji planları ilə tanış olduqca aydın görünür ki, onlar zaman-zaman yeni ideyalar, elmin, təhsilin inkişafına yönəlmiş layihələrlə meydanda olublar. Ən müasir texnologiyalar, savadlı elmi-pedaqoji kadr potensialı, dünyanın qabaqcıl təhsil təcrübəsinin öyrənilməsi, cəmiyyətə yaradıcı, bacarıqlı gənclərin təqdim olunması GAU-nun bir nömrəli hədəfi olub. Universitetin həyata keçirdiyi kadr hazırlığı siyasəti də cəmiyyətin təhsil tələbləri ilə üst-üstə düşməkdədir. GAU dünya üçün kadrlar hazırlayır. Dənizçilik – adada yerləşən bir dövlət üçün mühüm ixtisasdır. Quzey Kıbrısdan, eləcə də Türkiyədən, dünyanın müxtəlif guşələrindən gənclər bu ölkədə, bu ixtisas üzrə təhsil almağa maraq göstərirlər. Quzey Kıbrısın hər yanından dəniz ətri duyulur, gəmi fiti eşidilir, çox insanın “çörəyi dənizdən çıxır”. İncəsənət – Türk dünyasının qəlbi olan Quzey Kıbrısda bu sənətin öyrənilməsinin xüsusi bir anlamı var. Bu ondan ibarətdir ki, ada özlüyündə bir incəsənət nümunəsidir. Əsrlərlə burada yaşamış xalqların mənəvi dünyasından süzülüb gələn inci dəyərlər dünyanın qiymətli mənəvi xəzinəsi ilə vəhdətdə öyrədilir. Memarlıq – Quzey Kıbrıs dünyanın memarlıq incilərinin beşiyindən biridir. Bəzən düşünürəm ki, dünyanın ən qocaman, əzəmətli memarlıq nümunələrinin üzərində dayandıqları sütunlardan biri də məhz Quzey Kıbrısın tarixi abidələridir. Onlar dünyanı öz çiyinlərində saxlayacaq qədər güclüdürlər.
Beynəlxalq biznes, Beynəlxalq əlaqələr, Psixologiya, Psixoloji məsləhət, Hüquq, Sağlıq elmləri, Sağlıq, Təhsil, Tibb, Bəşəri elmlər, Siyasi elmlər, Əczaçılıq, İnşaat mühəndisliyi, Mülki Aviasiya nəqliyyatının idarə olunması üzrə aparılan kadr hazırlığına adanın, Türkiyənin, həmçinin xarici ölkələrin nüfuzlu universitetlərinin müəllimləri, alimləri cəlb edilir.
Girnə Amerikan Universiteti ilə tanışlıq əsnasında diqqətimi tədrisdə müasir texnologiyalardan istifadə imkanları, yeni avadanlıqlarla təchiz olunmuş texnopark, İnformasiya kommunikasiya texnologiyaları ilə ən yüksək səviyyədə təminat, idman şəhərciyi, üzgüçülük hovuzu, özəl televiziya kanalı, radio yayımları, təcrübə keçmək imkanları peşəkar inkişafı təmin edən ən mühüm cəhət kimi cəlb etdi. Universitetlə tanış olarkən bəzən düşünürdüm ki, Girnə Amerikan ən reytinqli universitetlərin uzun illərə əldə etdiyi uğura daha tez nail olub. Bunun səbəblərini götür-qoy edərkən bizi universitetlə tanış edən tələbələr köməyimə gəldi. Rektor Kutsal bəyin tövsiyəsi ilə Universiteti addım-addım bizimlə dolaşan Qırğızıstanlı Alsu, Nigeriyalı Hayfa, Liviyalı Məhəmməd sanki öz doğma ocaqlarından bəhs edirdilər. Alsu Qırğızıstanda Manas Universitetinin bakalavr pilləsini bitirib. “Təhsil adası”na magistr təhsili üçün gəlib. Hayfanın atası Nigeriyalı, anası Ukraynalıdır. Universiteti bitirdikdən sonra doğma vətəninə - Nigeriyaya qayıtmağı planlaşdırır. Məhəmməd də həmçinin. Bu gənclər onlara sevgi ilə qucaq açan Quzey Kıbrısdan, Girnə Amerikan Universitetindən sonsuz sevgi ilə bəhs edirdilər: Buranın havası mülayimdir. Təbiət insanlara da müsbət təsir edir. Türklər xoşxasiyyət, mehriban insanlardır, deyə Hayfa söyləyir. Biz beynəlxalq proqramlarda fəal iştirak edən, beynəlxalq akkreditasiyaları olan və diplomu dünyada tanınan bir universitetdə təhsil alırıq. GAU-nun diplomu ölkə xaricində rəğbətlə qarşılanır. Çünki o tələbəyə aldığı mükəmməl təhsil qarşılığında verilir.
Tələbələr qeyd edirlər ki, adından da göründüyü kimi Girnə Amerikan Universitetində tədris prosesində Amerika təhsil modelinə üstünlük verilir. Burada müəllim və tələbələrin yaradıcılıq potensiallarının realizə olunması üçün hər cür şərait var. Tələbələr üçün burslar nəzərdə tutulur. Onlar universistetin fəaliyyətinə cəlb edilir, xüsusilə ictimai işlərdə tələbələrin yaxından iştirakı təmin olunur.
Alsu söyləyir ki, GAU tələbələrinin ən yaxşı mütəxəssis kimi yetişməsini hədəfləyir, bu öz yerində. Amma burada gənclərin mənəvi dünyasının formalaşmasına, onların əsl insan kimi yetişməsinə xüsusi diqqət yetirilir. Universitetdə məşhur elm, sənət adamları ilə təşkil edilən görüşlər, teatr tamaşalarının nümayişi tələbələrin marağı ilə qarşılanır. Hər il təşkil olunan “Teatr günləri”ndə Universitet qapılarını görkəmli sənət adamlarının üzünə açır. Bir-birindən maraqlı tamaşalar, teatr tamaşalarının təhlili, aktyorların həyat və yaradıcılığından bəhs edən söhbətlər tələbələri ecazkar sənət dünyasına qanadlandırır. Bu həm də onların mənəvi dünyasında humanizm, mənəvi dəyərlərə sevgi hissi formalaşdırır. Universitetin Okullar qrupuna daxil olan The İnternational Prep School tələbələrinin təşkil etdikləri “Kültür günü” də tələbə həyatı üçün əlamətdar bir hadisəyə çevrilir. Həmin gün tələbələr dünyanın fərqli-fərqli mədəniyyətlərini kompozisiya halında təqdim edirlər. Əgər belə demək mümkünsə, dünyanın mədəni, mənəvi dəyərlərini inci kimi bir sapa düzüb göstərirlər. Qeyd edim ki, The İnternational Prep School universitetin nəzdində 17 ölkədən tələbənin təhsil aldığı bir beynəlxalq məktəbdir. “Kültür günü” məhz həmin tələbələr öz ölkələrinin mədəni dəyərləri ilə səhnəyə çıxır, öz milli kimliklərini tanıdırlar. “Kültür günü” universitet dünyanın al-əlvan ləçəkləri ilə bəzədilmiş bir çiçəyə bənzəyir. Ümumiyyətlə, universitetdə belə bir layihənin həyata keçirilməsi tələbələrin dünyagörüşünün inkişafına, dünyanın mədəni, mənəvi dəyərləri haqqında geniş məlumata malik olmalarına yol açır.
Girnə Amerikan Universitetində akademik heyətin, eləcə də tələbələrin elmi araşdırmalarda iştirak etməsinə xüsusi diqqət yetirilir. Universitet rəhbərliyi təhsil ocağında yüksək elmi mühitin təmin olunması məqsədilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Bu da təsadüfü deyil, universitet rəhbərliyinin hədəflərindən biri kimi dəyərləndirilə bilər. Universitetdə fəaliyyət göstərən Araşdırma mərkəzləri bu məqsədlərin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir. Türkiyə Cümhuriyyətinin Elm, Sənaye və Texnologiya nazirliyi nəzdindəki TÜBİTAK 1001, TÜBİTAK 2209-A, TÜBİTAK 2209-B proqramlarına qoşulan müəllim və tələbələr diqqətçəkən araşdırmaları ilə meydana gəlirlər. Tədqiqatçı müəllim və tələbələrin fəaliyyətinə “Bilimsel Araşdırma Projeləri” də dəstək verməkdədir. Ümumiyyətlə, universitetdə Daşınma, Araşdırmalar, Performans Analitik, Marketinq Araşdırmaları, Beynəlxalq Təhlükəsizlik Çalışmaları, Kıbrıs Araşdırmaları, Karyera, Arıçılıq Araşdırma, Dünya sistemi Elmi Araşdırma, İdarəetmə Tədqiqat, Erkən Uşaqlıq Araşdırma, Akdeniz Sualtı Araşdırma, Çevrə və Şərq Araşdırma, İdman Araşdırma Mərkəzi, Girnə Araşdırma İnstitutu fəaliyyət göstərir. Bu mərkəzlərdə aparılan elmi tədqiqatlar, onların nəticələri deməyə əsas verir ki, Girnə Amerikan Universiteti tələbələr arasında elmin populyarlaşmasına, fundamental elmi tədqiqatlara önəm verir. GAU müəllim və tələbələrin elmi araşdırmalarına dəstək verməklə, onların həm mütəxəssis kimi formalaşmalarına, elmin, təhsilin inkişafına dəstək vermələrinə, dünya düzənində elmi tədqiqat işləri ilə görünmələrinə yol açır. Onlar düşünürlər ki, dünyada elmin inkişafı ilə bərabər bəşəriyyətin sağlam gələcəyinə də töhfə verəcəklər. Universitetin Texnoparkı, elmi, tədris laboratoriyaları, aparılan elmi-tədqiqat işləri ilə tanış olduqca, hədəflərinə nail olacaqlarına inanmaya bilmirsən. Universitetdə bu mərkəzlərin hər biri ilə əyani tanış ola bilməsək də, onlar haqqında ətraflı məlumat əldə edə bildik.
Mərkəzlərdən sonra tanış olduğumuz növbəti məkan Universitetin laboratoriyaları idi. Mərkəzlər haqqında səsləndirdiyimiz fikirləri laboratoriyalara da aid edə bilərəm. GAU-nun laboratoriyaları tələbələrin qarşısında elmin sirli qapılarının açarıdır desəm doğru olar. Maket hazırlanması, Albatros gəmi nizamlayıcı, Gəmiçilik, Dram və musiqi, Mamaçalıq, Pilotaj, Bioloji, Molekulyar və bioloji genetik araşdırma, Çalışma və ergonomi, Kimya, Elektrik və alternativ enerji, Fizika, Mexanika, Kompyuter, Elmi-texnoloji araşdırmalar, İnşaat mühəndisliyi, Geotexnika mühəndisliyi və digər laboratoriyalar ən müasir avadanlıqları ilə tələbələrin ixtiyarındadır. GAU-nun laboratoriyalarını gəzərkən haqqında çox oxuduğum və məqalə yazdığım “Kavendış laboratoriyası”nı xatırladım. Düşündüm ki, ən müasir texnologiyaları laboratoriyada yerləşdirmək mümkündür, amma ən əsası bu deyil. Əsas odur ki, malik olduğun texnologiyaya ürəyinin hərarətini verə, onu elmin, dünyanın inkişaf tempi ilə uyğunlaşdıra biləsən. GAU-da bu istiqamətdə çox iş görülür.
Beynəlxalq akkreditasiyalar
Girnə Amerikan Universiteti Quzey Kıbrısın beynəlxalq akkreditasiyalara üzv olan, dünyada daha çox tanınan universitetlərindən hesab edilir. Universitet ilk növbədə Quzey Kıbrıs Türk Cümhuriyyəti Akkreditasiya və Koordinasiya Qurumu olan YÖDAK (Yüksək Öyrətim Dairəsi Akkreditasiya Kurulu) və Türkiyə Yüksək Öyrətim Kurulu YÖK tərəfindən tanınır. Universitetin Biznes fakültəsi Beynəlxalq Biznes Təhsili Assambleyası, Amerika Birləşmiş Ştatları (İACBE), Avropa Şurası Biznes Birliyi (ECBE) tərəfindən akkreditasiya olunub. GAU ali təhsillərini və yaxud karyeralarını İngiltərədə davam etdirmək istəyənlər üçün NARIC (Böyük Britaniya Milli Ekvivalentlik və İnformasiya Mərkəzi) tərəfindən də tanınmaqdadır. Universitetin Turizm proqramı TedQual tərəfindən akkreditə olunub. Qeyd edim ki, TedQual Dünya Turizm Birliyinə (WTO) bağlı təşkilatdır. Universitetin Mühəndislik proqramları Avropa Birliyinin lider Fənn və Mühəndislik elmlərinin nəzarətetmə və akkreditasiya qurumu olan ASIIN tərəfindən akkreditəyə alınıb. Universitetin İngiliscə Hazırlıq Məktəbi Avropanın dil sahəsində seçilən akkreditasiya qurumu olan EAQUALS, həmçinin Qiymətləndirmə və Akkreditasiya Agentliyi tərəfindən Dil Xidmətlərində qiymətləndirilərək akkreditasiya edilib. GAU ümumilikdə 27 Beynəlxalq akkreditasiyaya malikdir.
Girnə Amerikan Universiteti UNESCO-nun Beynəlxalq Universitetlər Birliyinin (IAU), İslam Dünyası Universiteler Federasiyası (FUIW), Avropa Biznes Federasiyası (EFMD), Biznes Təhsili və Proqramları Assambleyası, ABD (ACBSP), Avropadakı Lider Otelcilik Okulları (Eurhodip), Avropa Okullar Birliyi Daimi üyesi (ECIS), Beynəlxalq Okullar Birliyi (CIS), Avropa Konseyi Biznes Birliyi (ECBE), Avropa Memarlıq Təhsili Birliyi (EAAE), Beynəlxalq Məslək Yüksək Okulu ve Eğitimi Birliyinin (IVETA) üzvüdür. Universitet Amerikan Eğitim Konsorsiyumunun (AEC) kurucu üzvüdür. GAU-nun proqramları Batı Avropa ve ABŞ olmaq etibarilə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Tayland, İran, İrak, Liviya, Fələstin, Qazaxıstan, Qırğızıstan və bir çox digər ölkələrin təhsil nazirlikləri tərəfindən tanınmaqdadır.
Əməkdaşlıq qurulan univeristetlərin bir qismi
Girnə Amerikan Universitetinin fəaliyyətində diqqətimi cəlb edən mühüm məqamlardan biri də dünyanın aparıcı universitetləri ilə yaradılan əməkdaşlıq əlaqələridir. Bu əlaqələrlə tanş olarkən düşünürsən ki, onları dünyanın dörd bir yanında tanıyır və fəaliyyətlərini rəğbətlə qarşılayırlar. Bu da təsadüfi deyil. GAU-da həyata keçirilən hər bir proqram, maddi-texniki baza, qlobal təhsil mühitində baş verən yeniliklərə yanaşma, aparılan elmi-tədqiqat işləri, professor-müəllim heyətinin nüfuzu və digər amillər onu dünyanın aparıcı universitetləri ilə bir sıraya qoyur. ABŞ-ın Montana Dövlət Universiteti, Fort Hayes Universiteti, Milli Amerikan Universiteti, Florida Atlantik Universiteti, Cənubi Dakota Madlen və Texnoloji Universiteti, Vaşinqton City Universiteti, Troy Universiteti, Almaniyanın EBS İşlətmə Okulu, Bəhreynin Krallıq Universiteti, Minsk Dövlət Dillər Universiteti, Braziliyanın PUCPR, Pontificia Universiteti Catolica Do Panna, Bolqarıstanın HRC Aşçılık Akamediyası, Çexiyanın Pardubice Universiteti, Hindistanın Sri Krishnadevaraya Universitesi, Kollege of Advanced Technology Studies, Teknoloji ve Bilim İnstitutu, Kakatiya Universiteti, Hollandiyanin CAH Dronten Professional Agricultural Universiteti, İrakın Musul Universiteti, İngiltərənin Havering Kolleci, Huron Universiteti ABD, İsveçin Linnaeus Universiteti(LNU), School of Business & Economics Universiteti, İsveçrənin Geneva İşletme Okulu, B.H.M.S. İşletme & Otel Yönetimi Okulu, İtaliyanın Schuola Alberghiera, İranın Təbriz, İmam Sadiq, Nema Universitetləri, Orta Asiyanın, Cənubi Koreyanın nüfuzlu ali təhsil ocaqları, Türkiyənin İstanbul Texnik, Ankara, İstanbul Bilim, Hitit, Namiq Kəmal, Hakkari, Bəykənt, Hacəttəpə, Atlantik Uçuş, Qazi, Ukraynanın Kirovqrad Beynəlxalq Əlaqələr Universiteti, Slovakiyanın Zilina. Polşanın Vistula Universiteti, Sloveniyanın Maribor Catering ve Turizm Meslek YüksekokuluTacikistan Texnik Universiteti və onlarla digər təhsil ocaqları GAU ilə əməkdaşlıq edir.
Girnə Amerikan Universiteti qədim Girnənin simasına müasirlik bəxş etməklə, onu sanki elmin, təhsilin gücü ilə sabaha daşıyan əzəmətli bir qüvvə təsiri bağışlayır. Sanki şəhər hər gün öz keçimişindən Universitetə bəhs edir, Universitet isə onu öz elm, təhsil mühiti ilə gələcəyə aparır. Girnə Amerikan Universiteti böyük bir elm-təhsil mərkəzidir. Bu elm və təhsil məbədi getdikcə Türk dünyasının qürur duyulacaq bir məkanına çevrilməkdədir. Buranın təhsil, multikultural mühiti, elmi tədqiqatlara yaradılan şərait, beynəlxalq əlaqələrin, akkreditasiyaların ildən-ilə artan tempi, həyata keçirilən qlobal mahiyyətli proqramlar, elmi-təcrübi konfranslar, nəhayət təhsilin bağçadan başlayaraq doktoranturaya qədər davam edən pillələrində müasir dünyanın, müasir insanın arzu və istəklərinin əks olunması fikirlərimin təsdiqi kimi görünə bilər...

Böyükağa MİKAYILLI,
Bakı – Girnə - Bakı


Quzey Kıbrısın dünyaya açılan qapısı – Girnə Amerikan Universiteti

Quzey Kıbrısın dünyaya açılan qapısı – Girnə Amerikan Universiteti

Oxşar xəbərlər