Alim olmaq asandır, ya adam?

Alim olmaq asandır, ya adam? “21-ci əsr humanitar elmlər əsri olacaq, ya da o olmayacaqdır.”
Levi Stross


Annotasiya
Son dövrlərdə cəmiyyətimizdə gənclər arasında baş alıb gedən halların: intihar, narkomaniya, qeyri-ənənəvi dinlərin, sekta və təriqətlərin təsirinə düşmək və başqa xoşagəlməz mənəvi çatışmazlıqlar hamını narahat edir. Səbəblərdən biri kimi təlim-tərbiyə prosesinin müəyyən natamlığında, onun təşkili və idarə olunmasında həlledici mövqedə dayanan əsas pedaqoji anlayışların: “təlim” və “tərbiyə” məsələlərinin bir çox hallarda mütənasibliyinin gözlənimədiyindən irəli gəlir. Təhsil proqramları daha çox ağırlığı və Avropaya üstün meyilliyi ilə diqqəti cəlb edir. Təhsil sistemi insanlarda bir sıra dəyərləri formalaşdırmaqla yanaşı, həm də bu dəyərləri qorumaq üçün praktik olaraq məsuliyyət hissi də formalaşdırmalıdır. Bununla bağlı tərbiyə məsələlərinə xüsusi önəm verilməlidir. Pedaqoji prosesin təşkili ilə əlaqədar bir çox hüquqi-normativ sənədlərində belə tərbiyə məsələlərinə xüsusi yer ayrılmır, əsas məqsəd biliklərə daha səylə yiyələnməyə yönəldilir. “Tərbiyə ocaqları” daha çox “təlim mərkəzi”lərinə bənzəyir. Təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsində sistemli biliklərin mənimsənilməsi ilə yanaşı, həm də və mənəvi-əxlaqi tərbiyənin formalaşmasına xüsusi yer verilməli, qiymətləndirilməlidir. Məlumdur ki, tərbiyə prosesində millilik, din, etnik köklər, milli mentalitet, genetika kimi amillər xüsusi çəkiyə malikdir. Ona görə də bizim üçün min illərin təcrübəsində özünü doğrultmuş İlahiyyat elmi tərbiyənin ana xətti olmalıdır. Bu məsələlərin təhsilin pillə və səviyyələrinin yeni proqramlarında nəzərə alınması məqsədəmüvafiqdir.
Min illərdir ki, atalar sözünə çevrilmiş “Alim olmaq asandır, adam olmaq çətin” məsəli bu gün nə öz dəyərini, nə də aktuallığını itirmir. Qəribədir ki, buna bənzər misallar dünyanın bütün xalqlarında vardır. Görünən odur ki, bu atalar sözü elə-belə yaranmayıb. O da hamıya bəllidir ki, adam olmaq çətindir. Bu atalar sözü ilə bağlı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, prof. Səlahəddin Xəlilov yazır: “Amma bir şey unudulur ki, bu atalar sözündə “insan” anlayışı “hər adam” mənasında deyil, “kamil insan” mənasında işlədilir. Və əslində bu iki fikri birləşdirərək belə demək daha dəqiq olardı: Alim olmaq çətindir, kamil insan olmaq isə ondan da çətindir”; çünki onun əlavə şərtləri də var. Bura ilk növbədə yüksək mənəviyyat aiddir ki, buraya da alicənablıq, fədakarlıq, qorxmazlıq, ləyaqət və s. onlarca insani keyfiyyət daxildir və bunların heç biri “alimlik” anlayışında ehtiva olunmur.” (6) Daha maraqlısı odur ki, hər bir yerdə bu məsəlin tərsinin özünü doğrultmasını-“Adam olmağın daha asan olmasını” istəyirlər. Nədənsə bu sehrli “daş” əsrlərdir ki, quyunun dibindədir.
Son dövrlərdə cəmiyyətimizdə gənclər arasında baş alıb gedən xoşagəlməz halların: intihar, narkomaniya, qeyri-ənənəvi dinlərin təsirinə düşmək və başqa xoşagəlməz hadisələr hamını narahat edir. Müəllim-şagird-tələbə münasibətlərində gərginliklər hələ də qalır. Bir çox hallarda yeniyetmələri nə evdə, nə də məktəbdə anlamaq istəmirlər, onlar isə suallarına cavabı onlara doğma olmayan “başqa yerlərdə” axtarmalı olurlar. Belə misallar yüzlərcədir. Sadəcə bunların çoxunu eşidib eşitməməzliyə, ya da görüb görməməzliyə vururuq özümüzü, bir təhər yola veririk. Bu hadisələrlə bağlı maraqlı, cəfəngiyat xarakterli açıqlamaların sayı isə hadisələrin sayindan qat-qat çox və qorxuncdur. Bir-birindən fərqli, daha çox hallarda isə bir-birinə zidd olan bu fikirləri çətinliklə olsa da dinlədikdən, bir xeyli də düşündükdən sonra, yeganə çıxış yolu kimi səbir və təmkinlə bu atalar məsəlinə müraciət etməli oluruq. Daha sonra istər istəməz belə bir sual doğur, bəs görəsən belə halların çoxalmasının başlıca səbəbi haradadır, nədədir?
Bu sualların cavabı bir olsa da, güman min yerə qaçır. Fikirlərimiz dünyanı dörd dolansa da, sonunda ən güman və şübhə yeri kimi yenə də məktəbin, təhsilin üstünə qayıdırıq. Böyük şairimiz Hüseyn Cavid yazırdı ki, "Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər” (3) Məktəb, təhsil hər kəsin, millətin taleyində öz naxışını mütləq həkk edir. Bütün xalqlar məktəbə, təhsilə ümidlə baxırlar. Bu baxımdan Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” amalı, müstəqilliyimizin ilk illərindən Azərbaycan cəmiyyətini inkişaf və tərəqqiyə səsləyən bir qüvvəyə çevrildi. Milli təhsil quruculuğunun konsepsiya və strategiyasının hazırlanma¬sında bir təməl oldu.
Hamıya o da bəllidir ki, məktəbdə əsas sima müəllimdir. Müəllimdən çox şey umsaq və küssək də hər zaman nəticələr, istəklərimiz reallıqlara uyğun gəlmir. Yüzlərlə müəllimin gözü qarşısında böyüyənlərin bəziləri ağlasığmaz addımlar atırlar. Bu məsələ də düzdür ki, məktəb, müəllim günahın çox hissəsini elə ilk andan öz üzərinə götürür, ancaq tam da qəbul etmir, kimlərinsə də məsuliyyətinin olduğunu vurğulayırlar. Şübhəsiz ki, müəllimlər də haqlıdırlar, bu məsələdə cəmiyyət və dövlət birliyi həlledici olmalı, təlim-tərbiyə prosesinin tamlığı ilə bağlı fikirlər və əməllər bir-birinə arxa-dayaq olmalıdır. Ancaq təcrübə göstərir ki, hər zaman belə olmur, nəticədə hamı kimi müəllimlərə də təəssüflənmək qalır.
Digər tərəfdən bu məsələləri incələsək, görərik ki, təlim-tərbiyə prosesinin tamlığında, onun təşkili və idarə olunmasında həlledici mövqedə dayanan bir sıra məsələlərə münasibət pedaqogika elminin özündə hələ də bir mənalı, tam aydınlaşdırılmamışdır. Onlardan biri də ümumilikdə “təlim” və “tərbiyə” məsələlərinin bir-birinə münasibətidir.
Uzun illərdir ki, pedaqogika elmində “tərbiyə” və ya “təlimin” hansının daha önəmli olması, ya da bunlardan hansının daha əvvəl yarandığı geniş müzakirə obyektinə çevrilmişdir. Pedaqogika sahəsində tanınmış alimlərdən bəziləri “tərbiyə” və “təlimin” pedaqoji prosesin qoşa qanadının olmasını, bəziləri isə bunların ayrı-ayrı sahələri əhatə etdiyini, bəziləri də bunlardan birinin sadəcə digərinin alt komponentlərdən biri olduğunu söyləyirlər.
Azərbaycanın görkəmli alimi, etnopedaqoqu, professor Əliheydər Həşimov yazır ki, “Tərbiyənin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir”. Alim-pedaqoqların əksəriyyəti pedaqogikanı tərbiyə haqqında elm hesab edir, eyni zamanda onun təlim nəzəriyyəsi və tərbiyə nəzəriyyəsindən ibarət olduğunu qeyd edirlər. Bir çoxları da tərbiyəni geniş mənada iki yerə bölərək onu təşkil olunan (məktəblərdə) və təşkil olunmayan (məktəbdənkənar, sinifdənxaric) hissələrə bölürlər.
Məktəblərdə pedaqoji prosesin təşkili məqsədilə tədris və tərbiyə işləri üzrə müavinlər var, əsas diqqət isə tədrisədir, tədrislə bağlı vəzifə maaşı da daha üstündür. Təhsil alanların hamısının məktəbin ictimai həyatındakı mədəni-kütləvi işlərdə iştirakı da vacib deyil, bu könüllülük prinsipidir, onsuz da təhsil alanların nailiyyətləri yalnız biliklərinə görə qimətləndirilir. Ali məktəblərə qəbula hazırlaşan şagirdlərimiz isə sonuncu siniflərdə müəyyən fənlərdən təkcə “bilik” göstərmək məqsədilə “robota” çevrilirlər... Bizim üçün həyatda önəmli olan insanları biliklərinə görə deyil, sağlam əqidəsinə, etibarına..., “tərbiyəsinə” görə seçirik. Övladlarımız ailə qurmaq istəyəndə birinci məsləhət və istəyimiz o olur ki, kim olur olsun, təkcə “tərbiyəli ailə”dən olsun. “Tərbiyəsiz”lərdən isə bütün ömrümüz boyu qaçıb canımızı qurtara bilmirik....
Azərbaycanın böyük filosofu, astronomu, dövlət və din xadimi, tərbiyə nəzəriyyəçisi Nəsrəddin Tusi tərbiyəni insanın insanlıq haqqı qazanmasını təmin edən əsas əməl, tərbiyə ilə insanlığı vahid nemət hesab edirdi. Müasir pedaqogika elminin banisi, didaktikanın əsasını qoymuş böyük Çex pedaqoqu Yan Amos Komenski də tərbiyə məsələlərinə böyük dəyər vermişdir. Bununla bağlı o, “Böyük didaktika” əsərinin əxlaqi tərbiyənin üsuluna həsr edilmiş 23-cü fəslini belə başlayır: “Bütün bu vaxta qədər danışılanlar əxlaq və möminlik kimi başlıca şeyə nisbətən o qədər də əhəmiyyətli deyildir. Bəs əsl iş nədən ibarət olacaqdır? Əsl iş bizi yüksək dərəcədə nəcib, qüdrətli və alicənab edən müdrikliyi öyrənməkdən ibarət olmalıdır. Bu, məhz yuxarıda əxlaq və möminlik dediyimiz şeydir; ancaq bunların sayəsində biz həqiqətən Allahın özünə daha yaxın-yüksək məxluq oluruq”. (4)
Məktəb, təlim-tərbiyə məsələlərinə xüsusi diqqət yetirən, Azərbaycanın ictimai-siyasi fikir tarixinə görkəmli dövlət xadimi kimi daxil olmuş Nəriman Nərimanov yazırdı; “Məktəbin ən başlıca məqsədi gərək tərbiyə olsun, yəni oxumağa, yazmağa çox da diqqət etməyib uşağın ruh və əxlaqına, mənəviyyatına ziyadə diqqət etmək lazımdır... Təlim gərək tərbiyəyə bağlı olsun”. (1)
Pedaqogika elminin görkəmli simalarından olan professor İzrail Yefromoviç Şvars yazırdı: “İndiki dövrdə tərbiyədən “geniş və dar” mənada istifadə edirlər. Geniş mənada tərbiyə-şəxsiyyətin formalaşmasının tam prosesi,... nə vaxt deyirlər “həyat tərbiyə edir”, sözün dar mənasında isə-şəxsiyyətin inkişafının idarə olunması ilə bağlı xüsusi təşkil olunmuş prosesdir. O müəllimin qarşılıqlı təsirindən keçir”. (13)
Prof. Zahid Qaralov bu məsələ ilə bağlı “Tərbiyə” adlı əsərində yazır: “Cəmiyyətdə belə bir fikir geniş yayılıb: “Əvvəlcə tərbiyə, sonra təlim”. Bu fikir tərbiyənin insan üçün son dərəcə vacibliyinin sübutu olsa da təlimin tərbiyəedici funksiyasının inkarıdır. Ona görə də bu fikri şüara çevirmək düzgün olmaz. Təlim və tərbiyənin bir-biri üçün həm səbəb, həm də nəticə olması məlumdur və təlim-tərbiyənin vahidlik prinsipi çoxdan təsdiq edilmişdir. Bununla belə, həmin fikri uşağın sistemli təhsilə başlayacağı vaxta qədərki dövr üçün məqbul saymaq, ona əməl etmək vacibdir”. (5)
Ə.Paşayev, F.Rüstəmov, Y.Kərimov, F.Sadıqov və başqaları təlimin tərbiyəedici funksiyasının olduğunu nəzərə alaraq, təlim prosesində tərbiyə işinin də aparıldığını vurğulayırlar. (2) Görkəmli alimlərimiz Y.Talıbov, Ə.Ağayev, A.Eminov və İ.İsayevin birgə müəllifliyi ilə yazılmış “Pedaqogika” (tədris vəsaiti) adlı əsərdə isə “Tərbiyə təlim prosesinin hüdudlarını aşaraq, daha geniş sahəni əhatə edir” kimi qeyd edirlər. (7)
Respub¬li¬ka¬mız ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra təhsilimizin hüquqi-normativ bazasının gücləndirilməsi, demokratikləşməsi, humaniştləş-diril¬məsi, məzmunca və keyfiyyətcə yeniləşdirilməsi və maddi-texniki təminatı istiqamətində atılan uğurlu və ardıcıl addımlar davam etdirilir. İndi təhsilimiz ilk növbədə Avropa və dünya məkanına inteqrasiya olunması, yeni təhsil model¬lə¬ri¬nin tədris prosesinə gətirilməsi ilə diqqəti cəlb edir. Bu model¬lərin əsasını dünya təcrübəsi, təhsilin dinamik inkişafı və bir¬də¬fəlik təhsildən fasiləsiz təhsil prinsipinə keçid ideyaları təşkil edir. Ənənəvi təhsil formaları yeni təhsil modellərinə in¬teq¬ra¬siya olunur və vahid təhsil məkanının yaranmasına-qlobal¬laş¬maya, informasiyalı cəmiyyətin yaranmasına geniş imkan¬lar açılır. Təhsildə aparılan islahatlarda Avropaya meyllilik daha çox özünü büruzə verir, Avropa ölkələrinin təhsil modellərinə üstünlük verilir. Biz də bu yolu seçmişik. Dünyanın bir çox ölkələrində bu məsələlərin həyata keçirilməsi işində bir sıra beynəlxalq təşkilatlar: Avropa Təhsil Fondu, Avropa Təhsil Şurası, elmi və texniki tədqiqatların dəstəklənməsi üçün Avropa kooperasiyası, Avropa elm fondu , Evrika fondu, NATO-nun elm proqramı, Ali təhsil sahəsində Avropa kooperasiyası, Beynəlxalq elmi-texniki mərkəz, İqtisadiyyat sahəsində təhsil və tədqiqatlar konsorsiumu və s. fəallıq göstərir, maddi və mənəvi dəstək verirlər.
Sadəcə bu işdə maraqlı fakt odur ki, bir sıra Avropa alimlərinin özləri Avropa təhsil modellərinin tamlığını qəbul etmirlər. Bu modellərin əsas çatışmayan cəhəti kimi onun insan yönümlü deyil, daha çox iqtisadi yönümlü olmasını qeyd edirlər. Fransız Parlamentinin sabiq millət vəkili, Fransız Milli Məclisinin sədr müavini Milli Təhsil Komissiyasının üzvü və senatoru olmuş Roger Garaudy, “Medeni¬yetler Diyaloğu” əsərində yazır: “Qərb bir qəzadır. İnsanlığın gələcəyini yenidən inşa edərkən bu ilk təməl gerçəkliyini, yəni Qərbin bir qəza olması reallığını ağlımızdan çıxarmamağımız gərəkdir... İndiki Qərb cəmiyyətlərimizin adlandırdıqları “inkişaf”, çox dar, birtərəfli, sırf iqtisadiyyata dayanan kriteriyalara görə tərif edilir... İnkişafın bu tərifi, iqtisadi inkişafın sosial həyatın bütün tərəflərinin dəyərləndirilməsinin tək ölçüsü olması postulatına dayanır. Üstəlik, bu böyümə hər cür insani düşüncəni rədd edərək sadəcə miqdar baxımından maraqlıdır, yəni texnologiyalar istər dağıdıcı, istər zülmedici olsa da, sırf sosial yönümlü kimi tərif edilir”. (9)
ABŞ-ın görkəmli təhsil nəzəriy¬yə¬çisi Hovard Qardner yazır: “İnsanların bir-birini başa düşməsi səviyyəsinin yüksəldilməsi baxımından nə olursa-olsun təhsil öz məxsusi təsdiqini tapmalıdır. Bütün elmlərin əsas obyekti insan olmalıdır” (10) Müasir dövrdə təhsil sistemi insanlarda daha önəmli olan bir sıra dəyərləri formalaşdırmaqla yanaşı, həm də onlarda bu dəyərləri qorumaq üçün bir məsuliyyət hissi də formalaşdırmalıdır.
Sovet hökumətini nə geri qaytarmaq, nə də tərifləmək fikrindəyəm. Sadəcə orta məktəbdə oxuduğum illərdə gördüklərimin, yadımda qalanların bəzilərini xatırlamaq istəyirəm. Oxuduğumuz dövrdə əxlaqla bağlı qiymət yazırdılar. Sinif jurnalının arxasında “davranış dəftəri” deyilən bir dəftər var idi. Lazım gəldikdə müəllimlər sinifdə oxuyan uşaqların mənfi və müsbət cəhətləri barədə qeydlər aparırdılar. Qeydləri əsasən uşaqlara qarşı daha diqqətli, qayğıkeş, həssas, uzaqgörən, hadisələri qabaqlama bacarığı olan müəllimlər edərdi. Bu qeydlərin hər birinin böyük tərbiyələndirici gücü var idi. Kimliyindən asılı olmayaraq bu qeydlər hər kəsi yaxşı və pis mənada silkələyir, özünü bir daha toparlamağa məcbur edir.
Məsələ əsas etibarı ilə ictimai xarakter alırdı, nəticə etibarı ilə hər kəsdə eyni bir məlumat formalaşırdı: müsbət, orta, ya da mənfi. “Qısası təhsilin ən önəmli özəlliklərindən biri də davranışı dəyişdirmə prosesi və onun məqsədyönlü həyata keçirilməsidir”. (8)
Bir məsələni də xatırlamaq istəyirəm. Orta məktəbdə ingilis dili müəllimi olmuş Vəli Bilalovun mənim barəmdə davranış dəftərinə yazdığı xoş fikirləri unutmamışam, hər an yada düşəndə onun haqqında çox gözəl fikirlər ağlıma gəlir, ona Uca tanrıdan rəhmət diləyirəm. Onun fikirləri mənə məktəbdə mənəvi ruh, qol-qanad verirdi. Sonrakı illərdə, müəllimlik təcrübəmdə onun mənə göstərdiyi bu əsl müəllimlik qayğısını hər hansı bir yolla başqalarına göstərməyi özümə mənəvi borc bildim.
İstər işə düzələndən, istər də kənar təşkilatlara işi düşən hər kəsdən xasiyyətnamə tələb edirdilər. Bu xasiyyətnamələr əksər hallarda səmimi, pedaqoji dildə və üslubda yazılmaqla, şəxs haqqında müəyyən təsəvvür formalaşdırırdı. Bütün bunlarla yanaşı məktəb ictimai təşkilatları sistemli və ardıcıl iş aparırdılar. Heç kəsin diqqətdən yayınma şansı yox idi. Hər bir şagird haqqında formalaşan ictimai fikir isə tam reallığa uyğun gəlirdi.
İndi də təhsil müəssisələrimizdə bu istiqamətdə sistemli işlər aparılır. Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi uğurla davam etdirilir. Ancaq, ümumilikdə hiss olunur ki, təhsil müəssisələrində təlim-tərbiyə mədəniyyəti yetərli deyil, tərbiyənin qanunauyğunluqları və qanunları reallıqla uzlaşmır. Bəzən təhsil müəssisələri tərbiyə vəzifələrini, lazım olduğu kimi yerinə yetirə bilmir. Əksər hallarda uşağa ailənin, məktəbin, müəllimlərin təsiri fərqli olur. Pedaqoji təsirlərlə sosial təsirlər arasında uyğunsuzluq sürətlə böyüyür. Eyni zamanda bunlar pedaqoji prosesin nəticələrini özündə birləşdirən bəzi rəsmi dövlət sənədlərində də öz əksini tapmamış, tərbiyə məsələlərinə xüsusi yer verilməmiş, əsas məqsəd biliklərə daha səylə yiyələnməyə yönəldilmişdir.
Nə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi: "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" (Bakı şəhəri, 13 yanvar 2009-cu il № 9), "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" (№ 348, Bakı şəhəri, 24 dekabr 2013-cü il), “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (№ 354, Bakı şəhəri, 26 dekabr 2013-cü il), “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası'' (№ 38, Bakı şəhəri, 5 fevral 2016-cı il), “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” (№498, Bakı şəhəri, 12 dekabr 2016-cü il) qərarlarında, nə də Azərbaycan Respublikasının Təhsil nazirinin “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında əsasnamə” (№ 640 10 avqust 1999-cu il), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”(№ 8/1, 28 dekabr 2018-ci il) və bu Qayda əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqinə dair tövsiyələr”də (№05-06-80/13, 18 yanvar 2019-cu il), “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında qaydalar”ında bir dənə də olsun “tərbiyə” ilə bağlı söz yoxdur.
Publisist Mixail Nikiforoviç Katkov və onun dostlarının vəsaiti hesabına 13 yanvar 1868-ci ildə Nikolay Çesaraviç adına Moskva litseyi (indiki Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası) açılır. Bu litseydə təhsil alanların nailiyyətləri aşağıdakı kriteriyalara: 1) Dərslərə hazırlığın keyfiyyətinə; 2) Dərs zamanı diqqətli olmağa; 3) Yazılı tapşırıqların xarici görkəminə; 4) Keçilən materialların mənimsənilməsinin möhkəmliyinə; 5) Bilklərin düzgün tətbiq etmə bacarığına; 6) Davranışa-əxlaqına; 7) Neçə dəfə dərsdə olmadığına; 8) Müəllim tərəfindən yazılan qeydlərin (iradların) sayına və səbəbinə görə qiymətləndirilirdi. (11)
Göründüyü kimi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsinin belə bir sistemdə biliklərin mənimsənilməsi ilə yanaşı, həm də əxlaq tərbiyəsinin formalaşmasına da xüsusi yer verilmiş, bir neçə kriteriyanın qiymətləndirilməsində ayrıca nəzərə alınmışdır.
Hakim ideologiyanın tələblərinə uyğun olaraq 15 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin “Vicdan azadlığı haqqında” dekretinə əsasən din dövlətdən ayrılır. İslam dininin ənənələrinə və din adamlarına qarşı xüsusi təqib kompaniyası başlanır, ən layiqli din xadimləri aradan götürülür. Tərbiyə prosesində millilik, din, etnik köklər, milli psixologiya, genetika kimi amillər qəbul olunmur. İlahiyyat elminin tərbiyənin ana xətti olduğunu sübut edən min illərin təcrübəsi məhv edilir. İnsanlar daldada bir cür, ictimai yerlərdə isə başqa cür hərəkət edirdilər. Cəmiyyətdə mənəvi tərbiyə sahəsində bir boşluq yaranır. Bu daha çox özünü Böyük Vətən müharibəsi illərində büruzə verir. Müharibənin ən çətin dövründə ağıllı dövlət xadimlərinin təklifinə əsasən 1943-cü ildə Rus kilsəsi, Orta Asiya müsəlmanları İdarəsi,1946-cı ildə isə Zaqafqaziya Müsəlmanları İdarəsi yaradılır, dini fəaliyyətlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılır.
1961-ci ilin oktyabrında Kommunist Partiyasının 22-ci qurultayında “Kommunizm qurucusunun əxlaq kodeksi” qəbul edildi. Bu kodeksdə sovet vətəndaşlarında yüksək əxlaqi keyfiyyətlər dostluq, qardaşlıq yoldaşlıq, insanpərvərlik, düzlük və doğruçuluq, və s.keyfiyyətlərin tərbiyə edilməsi nəzərdə tutulurdu. Kodeks işıq üzü görən kimi söz-söhbət yayılmağa başlayir ki, o dini kitablardan köçürülüb. Xüsusilə də “Soyuz” ictimai-siyasi hərəkatının sədri Qeorqi Tixinovun kodeks müəlliflərinə “Quranı oxumusunuzsa, o sosialist dəyərlərini özündə ehtiva edir”. (12) Tövsiyə etməsi ilə bağlı məsələ daha çox hallanır. Bu kodeks də cəmiyyətdə bir uğur qazana bilmədi, 1986-cı ildə Sov.İKP-nin 27-ci qurultayı da partiyanın proqramından çıxarıldı. Uzun illərin təcrübəsi bir daha sübuta yetirdi ki, ilahiyyat elmi insan tərbiyəsinin əsasıdır, anasıdır. Elmi dünyagörüşünün tamlığında, tərbiyə prosesinin sistemli təşkilində dinlə bağlı məsələlərə biganə yanaşmaq olmaz. Min illərdir din ilahi bir tərbiyə qanunu, bir məktəb olaraq yer üzünün əşrəfi olan insan tərbiyə edir.
Bu gün tərbiyə prosesinin təşkilatçılarının peşə səriştəliliyini də yetərli hesab etmək olmaz. Bu sahədə çalışan adamların seçilməsi və xüsusi hazırlığına diqqətlə yanaşılmalı, bu işdə beynəlxalq təcrübədən öncə milli tərbiyə sisteminin formalaşdığı dəyərlərə önəm vermək lazımdır. Tərbiyə işinin əsas məqsəd və vəzifələri, icra metodları elmə əsaslanmalı, təhsilin bütün pillələrində milli dəyərlərin üstünlüyü hesabına sistemli və ardıcıl olaraq təkmilləşməlidir. Tərbiyə olunanlar erkən yaşdan sosiallaşmalı, ictimaiyyətə adaptasiyası əsas məqsəd olmalıdır. Bu sahədə çalışanların pedaqoji ustalığı, tərbiyəçiyə xas olan fərdi xüsusiyyətləri, işə yaradıcı yanaşma və konkret pedaqoji situasiyalarda tərbiyə vəzifələrini optimal həlli yollarını düzgün tapmaq kimi və s. keyfiyyətləri də olmalıdır.
Tərbiyənin keyfiyyəti haqqında yeni anlayışların, məktəbdə keyfiyyətin idarə olunması sisteminin təkmilləşdirilməsi və təhsil xidmətlərinin effektivliyinin dəyərləndirilməsi kimi bir sıra məsələlər də maraq doğurur.
Bu gün qloballaşan dünyada tərbiyə prosesinin sistemli, məqsədyönlü tamlığına, humanistləşməsinə, bütün tərbiyəvi təsirlərin inteqrasiya olunmasına hər yerdə olduğu kimi, respublikamızda da böyük ehtiyac vardır. Bunlardan bəzilərini qeyd etmək olar:
1. Təlim-tərbiyə münasibətlərinə aydınlıq gətirilməli, tərbiyə prosesinin məzmunu, metodları və təşkilinə verilən əsas tələblər zamana uyğunlaşmalı, tərbiyə prosesinin reallaşması yollarına yönəldilməlidir.
2. Dərinləşən qloballaşmanın mənəvi dünyamıza təsirinə-xüsusən kütləvi informasiya vasitələri, telekanallar və internetə qarşı bir süzgəc olmalıdır. Milli mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə bağlı sistemli işlər görülməlidir.
3. Milli-mənəvi dəyərlərimiz, islam əxlaqının gözəl qayəsi, tolerantlıq kimi məsələlərin erkən yaşlardan təbliği və təşviqi təmin olunmalı, bu məsələlər təhsilin pillə və səviyyələrinin yeni proqramlarında müəyyən mənada öz əksini mütləq tapmalıdır.
4. Məktəb və cəmiyyət tərbiyə laboratoriyasına çevrilməli, hər bir təhsil alanın etik-əxlaqi norma və dəyərlərinin inkişaf dinamikası nəzarətdə olmalı, onun sosiallaşmasına və cəmiyyətin layiqli üzvü olmasına yönəlməlidir.
5. Təhsil alanların nailiyyətlərinin dəyərlənməsində əxlaq tərbiyəsi mütləq nəzərə alınmalı, qiymətləndirilməli və bu bütün tərbiyə konsepsiyaları və qaydalarında öz əksini tapmalıdır. Hər bir təhsil alanın əxlaqı ilə bağlı məlumatlar onların valideynlərinə, məktəb kollektivinə bəlli olmalı və ictimailəşməlidir.
6. Məktəb ictimai təşkilatlarının tərbiyə işinin əhatəsi geniş və hər bir təhsil alan üçün cəlbedici olmalıdır. Dövlət və cəmiyyət tərəfindən mili-mənəvi dəyərlərmizin təbliği və təşviqi, sosialyönümlü layihələri həyata keçirən ictimai təşkilatların fəaliyyəti rəğbətləndirilməlidir.
7. Sinifdənxaric, məktəbdənkənar tərbiyə işləri təhsilin bütün pillələrində gücləndirilməli və əlaqələri genişləndirilməli, başlıca məqsədi tərbiyə alanların sosiallaşması olmalıdır.
8. Tərbiyə işi ilə məşğul olanların-tərbiyəçilərin, təşkilatçıların, sosial pedaqoqların, psixoloqların və s. hazırlıq proqramlarına yenidən baxılmalı, onlardan daha çox özünü təcrübədə doğrultmuş variantlarına üstünlük vermək lazımdır.

Vidadi Orucov
Pedaqoji elmlər doktoru, professor


Oxşar xəbərlər