Azərbaycanda ümumi təhsilin dövlət standartları hazırlanıb

Azərbaycanda ümumi təhsilin dövlət standartları hazırlanıb "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” hazırlanaraq ictimai müzakirəyə təqdim edilib.

Təhsil Nazirliyindən Tehsil-press.az-a verilən məlumatda bildirilir ki, layihəyə əsasən, ümumi təhsilin həyata keçirildiyi müəssisələrdə işə bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydalara uyğun olaraq, bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə, təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyətdən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Ümumi təhsil sistemində çalısan təhsilverənlər, əsasən, ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə, uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına, əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə, işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza və s. kimi keyfiyyət göstəricilərinə malik olmalıdırlar.
Layihəyə görə, ümumi təhsil sistemində şagird nailiyyətlərinin illik qiymətləndirməsi toplanmış məlumatlar əsasında keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə, bir qayda olaraq, 4-5 ildən bir təşkil olunur.
Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspekstivlərini proqnozlaşdırmaq üçün, bir qayda olaraq, 3 ildən bir keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər