Bakının bu uğuru bəzi xarici qüvvələri narahat edir - Umudov

Bakının bu uğuru bəzi xarici qüvvələri narahat edir - Umudov Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərin bütün dünyada müsbət əks-səda verməsi bəzi xarici qüvvələri narahat edir.
Bunu Tehsil-press.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, tanınmış idman ustası Firdovsi Umudov deyib.
Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanda bu cür tədbirlərin yüksək səviyyədə keçirilməsindən, ölkənin sürətlə inkişafından narahat olduğundan belə üsullara əl atmaqla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır:
"Mən həmin insanları xəstə adlandırıram. Çünki onlar həqiqətən Azərbaycanı istəmir. Bəzi "sapı özümüzdən olan baltalar" da həmin qüvvələrə qoşulmaqla Azərbaycanın imicinə zərbə vurmağa cəhd edir. Bu, birinci dəfə deyil. Bu cür hallar 2012-ci ildə Eurovision müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, bundan sonra keçirilən Formula – 1 Azərbaycan Qran Pri yarışı zamanı da olub.
İndi də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Çünki həmin qurumların Azərbaycanı gözü götürmür".
F.Umudov bildirib ki, bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur: "Bu inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Bu vaxta qədər Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdə iştirak edən xarici komandaların rəhbərləri təhlükəsizlik və təşkilatçılığın yüksək səviyyədə təşkil olunduğunu deyiblər. Bu gün, hətta UEFA Avropa Liqasının finalında oynayacaq "Arsenal" futbol klubunun erməni oyunçusu Genrix Mxitaryanın təhlükəsizliyinə tam təminat verilib. Həmçinin Azərbaycanda xarici ölkə vətəndaşlarının viza məsələsi olduqca asanlaşdırılıb. Cənab Prezident dəfələrlə bu barədə sərəncamlar verib və nəticədə Heydər Əliyev adına Hava Limanında ölkəyə gələn xarici ölkə vətəndaşları 20-30 dəqiqə ərzində vizalarını ala bilirlər. Azərbaycandakı hotelllərdə qiymətlər digər ölkələrdən ucuz və keyfiyyətlidir".
Federasiya rəsmisi əlavə edib ki, həmin qüvvələr bu iddialarının arxasında çirkin əməllərinin dayandıqlarını çox yaxşı dərk edir.

Tehsil-press.az

Oxşar xəbərlər