“Mən prezidenti əmin edirəm ki...” - Ramil Usubov

“Mən prezidenti əmin edirəm ki...” - Ramil Usubov “Azərbaycanın inkişafının, dünyada etiraf edilən sabit ölkə imicinin nəticəsi olaraq, artıq uzun illərdir ki, respublikamız ən mötəbər beynəlxalq tədbirlərlərə evsahibliyi edir. Qeyd etdiyiniz beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyət ortaya qoyuldu. Bu, Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi”.
Bunu daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsi zamanı beynəlxalq yarışların mühafizəsi ilə bağlı suala cavab verərkən deyib. Nazir bildirib ki, ümumiyyətlə, 2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin müxtəlif yerlərində keçirilmiş 1200-ə yaxın kütləvi tədbirdə, habelə IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” Avropa Qran-pri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub: “Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edilən daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradıldı.
Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər oldu. Onlardan da 252-si qadın əməkdaşlarımız idi.
Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edildi. Hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırıldı. Möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edildi. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edildi.
Bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bütün tələb və tapşırıqları daxili işlər orqanları tərəfindən tam yerinə yetirildi, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorundu.
IV İslam Həmrəyliyi Oyunlarında daxili işlər orqanlarının əməkdaşları yalnız asayişin və təhlükəsizliyin təminatında fərqlənmədilər. Onların eyni zamanda, Azərbaycanın idman şöhrətinin yüksəldilməsində də rolu oldu. Milli komandanın tərkibində ümumilikdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edən, bununla da ölkəmizin birincilik qazanmasına layiqli töhfələr verən əməkdaşlar, həmçinin məşqçilər, idman mütəxəssisləri mükafat qaydasında xüsusi və hərbi rütbələrə, DİN-in “Fəxri fərman”larına, döş nişanlarına layiq görüldülər.
Cənab Prezidenti və xalqımızı əmin edirəm ki, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub saxlanılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıya qoyulmuş digər mühüm tapşırıqlar tam həcmdə, keyfiyyətlə və vaxtında yerinə yetirləcək, davamlı inkişaf və təkmilləşmə gələcək fəaliyyətimizin başlıca istiqamətləri olaraq ardıcıllıqla həyata keçiriləcək”.

Təhsil-press.az

Oxşar xəbərlər