Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə bundan sonra da dəstək verəcək

Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə bundan sonra da dəstək verəcək Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanın təhsil sisteminə verilən dəstək bundan sonra da yüksək səviyyədə davam edəcək.
Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini icra edən Aleksandra Nerisanu “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bir çox insanlar öz evlərində - formal təhsil sistemindən kənarda çox zəngin təcrübə, bacarıq və biliklər əldə ediblər: "Etiraf edirik ki, ölkənin milli səviyyədə inkişafının irəliyə doğru aparılması üçün həmin insanların əmək bazarında iştirak etməsi çox vacibdir. Onların cəmiyyətə verdikləri töhfə böyük ola bilər. Hesab edirik ki, vətəndaşlara bu kimi imkanlar verilməli və bununla bağlı sənədlər bazası hazırlanmalı, onların bacarıqları və səriştələri rəsmi şəkildə tanınmalıdır. Hətta onlar bunu əldə etdikdən sonra təhsil və tədrislərini davam etdirə bilərlər".
A.Nerisanu hesab edir ki, bütün bunlar öz növbəsində qeyri-qanuni məşğulluğa qarşı mübarizənin aparılmasına töhfə verə bilər.
Aİ rəsmisi bildirib ki, bununla bağlı könüllü şəkildə iş aparıla bilər: "Biz bu prosesdə Azərbaycanı dəstəkləməkdən olduqca məmnunuq. Çünki təhsilin bütün pillələrinə verilən dəstək Avropa İttifaqının Azərbaycandakı fəaliyyətinin tam mərkəzində dayanan məfhumdur. Ona görə də daim Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik".

Tehsil-press.az

Oxşar xəbərlər