1 iyun - BEYNƏLXALQ UŞAQLARIN MÜDAFIƏSI GÜNÜDÜR

1 iyun - BEYNƏLXALQ UŞAQLARIN MÜDAFIƏSI GÜNÜDÜR UŞAQLAR ÜÇÜN IDMAN MASAÜSTÜ İNTELLEKTUAL OYUNLAR
Azyaşlı uşaqlar üçün idman tarixində ilk dəfə olaraq intellektual masaüstü oyunlar ixtira edilmişdir. İxtiranın müəllifi azərbaycanlı alim Rəsul Əhmədov yeniliklərə görə patentlər almışdır. Bu isə nəticə etibarı ilə gələcəkdə uşaqlar arasında da şəhər, ölkə, qitə və Dünya çempionatları, müxtəlif miqyaslı turnirlərin keçiriləcəyinə real imkan yaratmış olur. Yeni oyunlar haqqında məlumat verməsini müəllifdən xahiş etmişik. Onunla müsahibəni oxuculara təqdim edirik.
– Azyaşlı uşaqlar üçün intellektual masaüstü oyunlar ixtira etməkdə məqsədiniz nədir?
– İntellektual masaüstü oyunlar adamların intellektual inkişafına köməkçidir. Belə oyunlar oynamağı bacarmaq həm də sevinc mənbəyidir. Müxtəlif miqyaslı yarışlarda iştirak etmək, qalib olmaq özünə güvən yaradır. Bu günədək mövcud olan oyunları oynamaq heç də hamının intellektual səviyyəsinə uyğun gəlmir. Lakin azyaşlı uşaqlar da belə oyunlar oynamaq, yarışmaq, doğma şəhərin və ölkənin, eləcə də qitə və Dünyanın çempionu olmaq uğrunda yarışmaq istərdilər. Belə oyunları isə onlar üçün kimsə yaratmalı idi. Bu məsuliyyət mənim üzərimə düşdü. Balacaları sevindirmək mənə nəsib oldu.
– Onlar üçün neçə oyun ixtira etmisiniz?
– Bu günədək 5 oyun dəsti və daha çox oyunlar ixtira edilib. Onlar 2-dək, 3-dək, 4-dək və 5-dək saymağı bacaran azyaşlı uşaqların oynaması, yarışlarda iştirak etməsi məqsədilə yaradılmışdır. Qeyd etmək lazımdır ki, həmin oyunlar məhz idman oyunlarıdır. Deməli, bu oyunlar üzrə kənd, şəhər, respub-lika, qitə və Dünya çempionatları keçirilməsi mümkündür. Həmçinin müxtəlif miqyaslı turnirlər də. Biz fəxr edə bilərik ki, ilk dəfə olaraq azyaşlılar üçün oyunları İdman aləminə məhz Azərbaycan vermişdir. Bu oyunlar Azərbaycanın Dünya uşaqlarına və onların ayrılmaz hissəsi olaraq və müxtəlif ölkələrdə yaşayan doğma balalarımıza əvəzsiz hədiyyəsidir.
- Çox gözəl. Gəlin konkret oyunlara qayıdaq. Hansından başlayaq?
- Başlayaq şanalarla oynanılan “Rərə” oyunundan. Bu oyun dəsti 18 ədəd şanadan, yəni üzundə ardıcıl düzülmüş xanalar və həmin xanalarda xallar olan plastik lövhəciklərdən ibarətdir. Dördbucaqlı şanaların üz tərəfi 3 xanaya bölünmüşdür. Xanalarda 1, 2 və ya 3 xal olur. Şanaların 3-ü tripletdir, yəni onların xanalarında eyni sayda xal olur. 15 ədəd adi şananın xanalarındakı xallar müxtəlif kombinasiyalarda yerləşdirilir.
- Oyunun gedişində belə şanalarla necə oynanılır, gedişlər necə edilir?
- Şanalrın sayı və xanalardakı xalların miqdarı azdır. Oyun qaydaları sadədir. Bu oyun dəsti ilə “6 şana” və “9 şana” oyunları oynamaq olar. 3-ə qədər saymağı bacaranlar üçündür. Oyunlarda 2 oyunçu iştirak edir. Oyundan asılı olaraq hər oyunçu 6 və ya 9 şana götürür. İlk gediş xanalarında 1 xal olan birlik triplet şana ilə edilir. Rəqib növbəti gedişi müvafiq şana ilə, yəni 1 xallı şana edə bilər. 1 və ya 2 xanasında 1 xal olan şana ilə cavab gedişi etməklə ilk daşın 1 və ya 2 xanasını tuta bilər. 2-ci şana birinciyə yan tərəfdən paralel qoyulur. Eyni xallı xanalar yanaşı durur və bir-birini tutur. Fərqli xana və ya xanalar oyunu davam etdirmək üçün azad qalır. Oyun by qayda ilə davam edir. Deyilənləri şəkillərdə göstərməklə oyun haqqında daha aydın təsəvvür yaratmaq olar. 1-ci şəkildəki 1-ci, 2-ci və 3-cü şanalar tripletdir. 4-cü, 5-ci və 6- cı şanalarsa adidir. 2-ci şəkildə “6 şana” oyununda yarana biləcək vəziyyətlərdən biri göstərilir. 3-cü şəkil isə “9 şana” oyununa aiddir.
Hər bir yaradıcı şəxs sağlığında əməyinin nəticəsini görməyi arzulayır. Bu və digər oyunlarımızı öyrənmiş balacalaımızın Azərbaycan, Avropa, ya da Dünya çempionluğu uğrunda yarışlarda qaib gələcəyini görmək xoşbəxtliyni yaşamaq istərdim.
- Gözəl arzudur. Belə xöşbəxtlik sizə nəsib olsun. İndi də digər tipli oyun haqqında. Bu oyun nə ilə fərqlənir?
- Bəli, bu oyunun da özünəməxsusluğu var. Öncə qısa tarıxçə. Nərd oyunları 5 000 illik tarixə malikdir. 100-dən artıq nərd oyunu mövcuddur. İdman nərd oyunları xaricdə çox geniş yayılmışdır. Xaricdə nərd üzrə şəhər, ölkə, qitə və Dünya çempionatları keçirilir. Müxtəlif miqyaslı turnirlər təşkil edilir. Yarışlar idman nərd oyunları, daha dəqiq desək, daha geniş yayılmış backgammon (döymə) və longgammon (uzun) oyunları üzrə keçirilir. Lakin indiyədək uşaqlar üçün nərd oyunları yox idi. İlk dəfə olaraq məhz Azərbaycanda azyaşlı uşaqlar üçün nərd və nərd oyunları hazırlanmışdır. Yeni təyinatlı nərdin zərləri 4 üzlü, xanaları 16(=4x4), daşları 20(=10+10) ədəddir. Mini nərddə oynamağa “mimi backgammon A” və “mini backgammon K”, həmçinin ” mini longgammon A” və “mini longgammon K” oyunları yaradılmışdır. Burada A-azəri, K-klassik deməkdir. Bundan sonra 4-dək saya bilənlər də nərd üzrə çempionatlarda, turnirlərdə iştirak edə biləcəklər. Təsəvvür edirsinizmi, 4-dək saymağı bacaran uşaq Dünya çempionluğu uğrunda mübarizə aparır. Məgər bu gözəl deyilmi? - Təbii, gözəldir. Bundan ötrü uşaqlar da, yəqin ki, valideynlər də ixtiraçıya “sağ olun” deyəcək. Digər maraqlı məsələ isə belədir: necə oldu ki, bunları yaratdınız? - Bunun da tarixçəsi var. Hələ XIX əsrin pedaqoq və psixoloqları demişlər ki, uşaqlarda intellektin inkişafı üçün onlar məktəbəqədər yaşlarında əyləncəli oyunlar oynamalıdırlar. Mən də uşaqlarıma əyləncəli oyunlarla oynamağı öyrətdim. Təsiri oldu, lakin gözlənilən qədər yox. Maraqlandım, digər valideynlər də eyni fikri söylədi. Araşdırdım. Səbəbini uşaqların belə oyunları oynamaqda motivasiyanın olmamasında gördüm. Uşaqlar bizim güman etdiyimizdən ağıllıdır. Belə oyunları oynamağa uşaqları məcbur etmək olmur, çünki onların marağı yoxdur. Nə etməli? Azyaşlı uşaqlar üçün də məhz idman oyunları yaradılmalıdır. Onlar da kənd, şəhər, ölkə, qitə və dünya çempionu adı almaq uğrunda mübarizə apara bilsinlər. Bu halda onlar məşq etməli, yarışlarda rəqiblərinə qalib gəlmək üçün mübarizə aparmalı olaçaqlar. Nəticədə onların intellekti yüksək səviyyədə inkişaf edəcək. Odur ki, azyaşlılara idman oyun dəstləri və oyunlar yaratmaq qərarına gəldim.
- Bunlar aydın oldu. Bəs həmin yarışların keçirilməsi üçün indi nə etmək lazımdır? Növbəti addımınız hansı olmalıdır?
- İlk növbədə oyun dəstlərinin istehsalına başlamalıyıq. Onların istehsalı sadədir. Materiallar plas-tika və taxtadır. Uşuz başa gəlir. Eyni zamanda mahir ustalarımız fərqli materiallardan suvenir variantla-rını da yarada bilər. Onların istehsalını sahmana salmaqla yeni iş yerləri açılacaq. Yerlərdə ustalarımız əl işi olaraq suvenir variantlarını da hazırlayarlar. Oyun qaydaları sadədir. Daşların sayı azdır. Gediş etmək asandır. Öyrənməyə qısa zaman bəsdir. Uşaqlarımıza bağçalarda, uşaq idman klublarında, hazırlıq kurs-larında, məktəbəqədər ocaqlarda oynamağı öyrətməliyik. Yarışlar təşkil etməliyik. Şəhər, respublika çempionatları, turnirləri keçirməliyik. Belə olduqda yeni oyunlar haqqında məlumat yayılacaq.Yeni oyun-ların azyaşlı uşaqların intellektual səviyyəsinin yüksəldilməsindəki əhəmiyyəti aydın olacaq. Uşaqların intellektual inkişafına böyük önəm verilən ölkələr bizdən bunları alacaq. Digər ölkələrdə də öyrədiləcək, yarışlar təşkil ediləcək. Nəhayət, bizim oyunlar üzrə qitə və Dünya çempionatları olacaq. Oyun dəstlərimiz “Made in Azerbaijan” nişanı ilə brend halında Dünyanın hər bir guşəsində yayılacaq. Oyunlarımızın gələcəyini məhz belə görürəm.
Bu işdə Təhsil Nazirliyi, Idman Nazirliyi, UNESCO-nun Azərbaycan bölməsi, Heydər Əliyev Fondu əvəzsiz kömək edə bilər. Masaüstü oyunları dəstlərinin istehsalı və realizəsi, oyunların öyrədilməsi və idman yarışlarının keçirilməsi gəlirli sahə olduğundan bizim iş adamlarımız, özəl qurumlarımız da xaric-də geniş yayılmış idman biznesi ilə məşğul olmağa başlaya bilər. Yerli müvafiq qurumların oyunlar haq-qında lazımi beynəlxalq qurumları məlumatlandırmaları müsbət nəticə verərdi. Onlar bizdən yenilikləri alıb istifadəyə başlayarlar. Belə işlərdə əcnəbilərin təcrübəsi genişdir.
“Uşaq hüquqları” haqqında Qanunda uşaqların hüquq bərabərliyi və uşaqların inkişaf etmək hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixdə BMT-nin “Uşaq hüquqlarına dair” konvensiyasına qoşulmuşdur. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir.
Respublikamızda “Azyaşlı uşaqlar üçün idman masaüstü intellektual oyunları” Dövlət proqramı qə-bul edilə bilinər. Azyaşlı uşaqlar üçün idman masaüstü intellektual oyunlar üzrə federasiya yaradılması məqsədyönlü sayıla bilər.
Mübaliğəsiz deyə bilərik ki, belə oyunların analoqu yoxdur. Uşaqlar hər bir ölkədə olduğundan oyunlarımıza Dünyanın bütün guşələrində ehtiyac vardır. Sadəcə oyunlardan maraqlı qurumların xəbəri olması kifayətdir. İcazənizlə qısaca təkrarlamaq istəyirəm. Yuxarıda adları çəkilmiş nazirliklərimizin bu, necə deyərlər, xüsusi təyinatlı oyunlar haqqında müvafiq beynəlxalq təşilatlara, uşaq və və idman qurumlarına, UNESCO-ya məlumat vermələri gözəl olardı. Fikrimcə, onlar belə məlumat almalarına yalnız sevinərdi.
- Belə idman oyunlarının ixtirası, yeniliyi patent alınması ilə təstiqlənibmi? Təsdiqlənibsə, hansı qurumlar tərəfindən ?
– Əlbəttə, təsdiqlənib. Haqqında danışdığımız oyunların hər birinin yeniliyi patentlə təsdiqlənib. Azərbaycan Dövlət Standartlaşma, Metrologiya və Patent Komitəsi tərəfindən patentlər verilib.
–Belə uğurlar müəllif olaraq sizi yeni oyunlar yaratmağa həvəsləndirirmi?
– Yeni oyunlar yaratmaq mümkündür. Axtarışları davam etdirmək olar. İdeyalar var, işləmək lazım-dır. Lakin ilk növbədə, fikrimcə yaradılmış oyunların tətbiqi, onların ünvana çatdırılması, balalarımızın faydalanması, yarışların keçirilməsi praktiki cəhətdən daha əhəmiyyətlidir. Bu oyunlar heç də patentlər almaq məqsədilə yaradılmayıb. Onların təyinatı var, onlar məhz azyaşlı uşaqların yarışlarda iştirakı, intelleklərinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Məni bağışlayın, təvazökarlırdan uzaq olsa da həqiqət haminə demək lazımdır ki, belə oyunları yaratmaq heç də asan deyil. Böyüklər üçün analoji oyunlar min illərdən bəri mövcuddur. Asan olsaydı belələri də yaradılardı. Bəli, dəfələrlə və qürurla təkrarlamağa dəyər. Azyaşlı uşaqlar üçün məxsusi oyunları İdman aləminə vermiş ilk və yeganə ölkə Azərbaycandır. Çox gözəl olardı ki, həmin oyunlar üzrə respublika, qitə və Dünya çempionatları da ilk dəfə məhz Azərbaycanda keçiriləydi. Yuksək əyarlı ilk medalları da bizimkilər alaydı. Oyunlarımız Dünyaya tanıdılarsa Azərbaycana təkcə yeni imic deyil, həm də yeni iş yerləri açılar, gəlir gətirər.
–Yəqin ki, beynəlxalq qurumlar da belə məsələlərlə bağlı qanunlar qəbul edib.
–1 iyun Beynəlxalq Uşaqların müdafiəsi günüdür. Biz həmişə deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Onları sağlam və ağıllı böyütməliyik. Bir daha xatırlayaq ki, Respublikasımız “Uşaq haqlarına dair” konvensiyasına qoşulmuşdur. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləməklə uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul edimişdir. Həmin qanunda uşaqların bir sıra hüquqları, o cümlədən hüquq bərabərliyi və uşaqların inkişaf etmək hüququ təsbit olunmuşdur. Biz yaşlılar, valideynlər, pedaqoqlar, psixoloqlar uşaqların intellektual baxımdan inkişaf etmək, onların da doğma kənd, şəhər, ölkə, habelə qitə və Dünya çempionları olmaq uğrunda yarışlarda iştirak etmək hüquqlarını təmin etməliyik. Sözdə deyil, məhz əməldə. İndiyədək belə yarışların aparılması mümkün deyildi, çünki onlar üçün müvafiq oyunlar ixtira edilməmişdi. Hazırda isə belə oyunlar var. Belə oyunların İdman aləminə məhz Azərbaycanın verməsi bizim üçün şərəfdir. İnkişaf etmiş ölkələrdə bu oyunlardan xəbər tutacaqları halda, tezliklə istifadə etməyə çalışacaqları şəksizdir. İlk növbədə sivil adlandırılan ölkələrdə. Əlbəttə, çox yaxşı olardı ki, oyunlarımızdan birinci biz istifadə edək. Onların istehsalından, öyrədilməsindən, yarışlarından özümüz gəlir götürək.
- Maraqlı müsahibə alındı, minnətdarıq. Yeniliklərdən danışdınız, dəyərli təkliflər irəli sürdünüz. İndi söz əlaqədar qurumlarındır. Yəqin onlar da biğanə qalmazlar. Onların da işlərini, rəy və təkliflərini oxucularımıza məmniniyyətlə çatdıra bilərik.

Müsahibəni qələmə aldı
Təranə ƏSGƏRQIZI

Oxşar xəbərlər