Əqli Mülkiyyət Agentliyində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndələri ilə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndələri ilə görüş keçirilib BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) nümayəndələri - iqtisadi əməkdaşlıq və ticarət şöbəsinin əməkdaşı Yakob Fekser və siyasi analitik Dmitri Plexanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində olublar.
İdarə Heyətinin sədri Kamran İmanov qonaqlara ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, o cümlədən əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Dünya Bankının “Doing Business–2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət sırasında yer alıb və Dünya İqtisadi Forumunun Hesabatında əqli mülkiyyətin qorunması indeksi üzrə 36-cı yerdədir.
K.İmanov vurğulayıb ki, ölkə başçısı tərəfindən innovativ inkişafa yüksək diqqət yetirilir və innovativ inkişafın respublika üzrə koordinasiya olunması üçün Prezident Administrasiyasında xüsusi şöbə yaradılıb.
Yakob Fekser UNECE tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən innovasiya siyasəti üzrə araşdırma aparılması barədə məlumat verib. Qeyd edib ki, İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində innovasiya sahəsində zəif və güclü tərəfləri üzə çıxarmaq, innovasiya siyasəti, innovasiya institutları və innovasiya proseslərini yaxşılaşdırmaq və rəqabətqabiliyyətliliyin artırılmasıdır. Yakob Fekser bu məqsədlə layihə çərçivəsində müəyyən sorğu anketləri əsasında araşdırma aparılacağını diqqətə çatdırıb, Azərbaycanda kreativ iqtisadiyyatın vəziyyəti, innovasiya siyasəti alətlərindən istifadə edilməsi ilə maraqlanıb.
K.İmanov Agentlik tərəfindən əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulunda payının müəyyən edilməsi, həmçinin texnologiyalar transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırma infrastrukturunun yaradılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.
Agentliyin rəhbəri artıq bir sıra universitet və elmi-tədqiqat institutlarında texnologiyaların transferi və kommersiyalaşdırma mərkəzlərinin, o cümlədən texnologiya və innovasiyalara dəstək mərkəzlərinin yaradılması işlərinə başlanıldığını vurğulayıb, bu sahədə maarifləndirmə işlərinin aparıldığını bildirib. Ölkəmizdə müəllif-hüquq obyektlərinin könüllü qeydiyyatının aparıldığını qeyd edən K.İmanov bunun hüquqların təminatı prosesində əlavə imkanlar yaratdığını və məhkəmələrdə qeydiyyatdan keçən əsərlər üçün müəlliflik prezumpsiyası kimi çıxış etdiyini vurğulayıb.
Görüşdə patent aktivliyi, patent sahibləri üçün yaradılan şərait və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər