Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib

Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası 2019-cu il çöl-tədqiqat planına əsasən Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparıb.
2019-cü ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində reallaşıb, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılıb, onların mühafizə vəziyyəti yoxlanılıb. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmaqla, buradakı müxtəlif dövrlərə aid arxeoloji abidələr elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib.
Xaçınçay-Tərtərçay vadisində aşkar edilən Neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilib. Belə ki, bu tədqiqat mövsümündə 3 nömrəli Əmirli Neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılıb.
Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Xəqani Alməmmədovun sözlərinə görə, qazıntılar nəticəsində 3 nömrəli Əmirli abidəsində Neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 metr olduğu müəyyənləşdirilib. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilən yarımqazma və yerüstü tikililərdir. Abidədə multidissiplinar tədqiqatlar da aparılır. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş verən iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr əsasında AMEA-nın Coğrafiya, Geologiya və Geofizika institutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaq.
Üç nömrəli Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılır. Belə ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi, arxeoloji tapıntıların tarixləndirilməsi qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürüb və müvafiq nöqtələrdə radiasiya fonunu ölçüb. Qeyd edək ki, götürülən nümunələrdə Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqi ilə müvafiq analizlər aparılaraq onların şərti yaşları təyin olunacaq.
Üç nömrəli Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir və onun tədqiqatı ümumilikdə, Qarabağ düzənliyində neolit mədəniyyətinin təşəkkülü, bu mədəniyyətin yayılma istiqamətləri və mərhələləri, Qarabağ neolitinin xronoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“AMEA Rəyasət Heyətinin Qarabağın işğaldan azad edilən ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında müvafiq qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilən ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılıb. Qeydiyyata alınan abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalıb. Aparılan kəşfiyyat işləri nəticəsində müxtəlif dövrlərə aid onlarca arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilib. Ekspedisiya tərəfindən aşkar edilən Neolit dövrünə aid Horadiz yaşayış yeri əsas tədqiqat obyekti olaraq seçilib, onun ərazisində topoqrafik ölçmə işləri aparılıb. Növbəti tədqiqat mövsümündə burada genişmiqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır. Horadiz yaşayış yeri Qarabağ bölgəsində qeydiyyata alınan, coğrafi baxımdan bizə məlum olan ən cənub Neolit dövrü abidəsidir”, – deyə X.Alməmmədov bildirib.

AMEA-nın Mətbuat Xidməti




Oxşar xəbərlər