Yay məktəbi başa çatıb

Yay məktəbi başa çatıb "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq dördüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsi başa çatıb.
İyulun 23-dən start verilən yay məktəbi çərçivəsində “Təhsil avtobusu” 2500 km-dən çox məsafəni qət edərək 5 bölgədən və 40 kənd, 4 qəsəbə, 3 şəhər məktəbindən akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın məktəblini əhatə edib.
“Təhsildə Nəsimi” şüarı ilə yola çıxan və iyulun 29-dək davam edən "Təhsil avtobusu” Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi müddətində iştirakçılar üçün “Nəsimi yaradıcılığı” əsasında hazırlanan 50-ə yaxın akademik saat həcmində təlim, tədris proqramı və intellektual yarışlar həyata keçirilib. Şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər.
Yay məktəbinin bağlanış mərasimi ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 650 illiyi qeyd olunan İmadəddin Nəsiminin doğulduğu və ilk təhsilini aldığı Şamaxı şəhərində keçirilib.
"Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığının tanıtmaqdır.
“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” online mağazasının tərəfdaşlığı ilə keçirilib.
Layihənin media və informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, “Edumap” Təhsil portalı və “Fam Tram”-dır.

Tehsil-press.az

Oxşar xəbərlər