Vəkili Ramil Səfərovla bağlı SİRLƏRİ AÇDI - "Onunla şüşə arakəsmə arxasından danışdıq və..."

Vəkili Ramil Səfərovla bağlı SİRLƏRİ AÇDI - Adil İsmayılov 2004-cü ildə Macarıstanda həbs olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun həmin günlərlə bağlı xatirələrini paylaşmağa davam edir. (Birinci yazı bu linkdə)
Tehsil-press.az tanınmış vəkilin qələmə aldığı qeydlərinin ardını təqdim edir:
“İkinci görüşümüzdə işin vəziyyəti müzakirə edilərkən məlum oldu ki, Səfərov müstəntiq tərəfindən iki dəfə 19 fevral və 4 mart tarixlərində dövlət hesabına təyin edilmiş vəkilin və rus dilli tərcüməcinin iştirakı ilə dindirilib. Yenə də rusdilli tərcüməçinin iştirakı ilə psixatrik ekspertiza keçirilərək rəy alınmışdı. Dindirmə protokollarında və ekspertiza rəyində yazılanları Sevinc xanım ona Azərbaycan dilinə tərcümə etdi.
Məlum oldu ki, bu sənədlərdə Səfərovun dedikləri açıq-aşkar təhrif edilib. Biz bunu Ramilin rus dilini yaxşı bilməməsi, əslində demək olar ki, bilməməsi ilə izah etməyə çalışdıq. Prosesin sonrakı gedişi bir az fərqli yorumlara əsas verirdi. Onun rus dilini bilməməsi psixiatrik ekspertizanın rəyi ilə obyektiv təsdiq olunurdu. Bu barədə bir qədər sonra ekspertiza barəsindəki yazıda oxuyacaqsınız.
Qərara aldıq ki, Səfərova verilmiş rusdilli tərçüməçinin dəyişdirilməsi barədə vəsatət qaldırılsın, ona Azərbaycan, yaxud türk dillərini səlis bilən tərcüməçi təyin edilsin. İstintaq bu vəsatəti təmin etdi. Bundan sonrakı iki dindirmədə tərçüməçi kimi Sevinc xanım iştirak etdi. Vəkil Peter Zalay iki əlavə şahidin dindirilməsi barədə vəsatət verdi, istintaq bu vəsatəti də təmin edərək həmin şəxsləri dindirdi. May ayında mən istintaqın başa çatması ilə əlaqədar üçüncü dəfə Budapeştə getdim.
Bu dəfə istintaq təcridxanasına tək getmişdim. Ramillə görüş otağında şüşə arakəsmə arxasından danışdıq. Görüş üçün kimdənsə icazə almağa ehtiyac olmadı. Girişdəki pəncərəyə yaxınlaşıb pasportumu təqdim etdim və Səfərovla görüşə gəldiyimi dedim. Üstümə baxış keçirdikdən sonra məni görüş otağına ötürdülər və Ramin Səfərovu gətirdilər. Otaqda başqa məhbuslar yaxınları ilə oturub danışırdılar. Məlum oldu ki, ağır cinayətdə ittiham olunanlarla görüş kabinədə şüşə arakəsmə arxasında olur, telefonla danışırsınız. İndi bu qayda bizdə də tətbiq edilir. Görüşdə Ramilin məhkəmə çıxışını müzakirə etdik. Qərara gəldik ki, o, çıxışı özü hazırlayacaq, sonra mənə göndərəcək.
Məhkəmə öncəsi mən Budapeştə gələcəm, bir də görüşüb son variantı hazırlayaçağıq. Belə də etdik. İş 2004cü ilin iyun ayinda ittiham aktı ilə məhkəməyə getdi və birinci məhkəmə iclası 23 noyabr 2004-cü ilə təyin edildi...
Beləliklə, birinci məhkəmə iclası 23 noyabr 2004-cü ildə baş tutdu. Həmin ilin sentyabr ayında Macarıstanda Azərbaycan Respublikasının səfirliyi açılmışdı. Həsən Həsənov səfir təyin edilmişdi. Ona qədər Həsənovla şəxsi tanışlığımız olmasa da barəsində kifayət qədər bilgim vardı, orda bir daha əmin oldum ki, Həsənov həqiqətən dövlət adamıdır. Ramil Səfərovun işi ilə əlaqədar ən çox zəhmət çəkmiş insanlardan biri Həsən Həsənov oldu.
Birinci məhkəmədə səfirliyin əməkdaşları və Budapeştdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak etdi. Hakimlər və dövlət ittihamçısı, habelə prosesin digər iştirakçıları təqdim edildi , onlara etirazın olmadığı aydınlaşdırıldı. Yeri gəlmişkən Məhkəmə zalı çox möhtəşəm idi. İttihamçı-prokuror bizdəkindən fərqli olaraq vəkillər kimi mantiya geyinmişdi. Mantiyalar arasında yeganə fərq yaxalığın rəngində idi. İttihamçı, zərərçəkən şəxsin vəkili və Ermənistandan olan nümayəndəsi hakimə baxanda solda, təqsirləndirilən şəxsin vəkili və nümayəndəsi sağda oturmuşduq.
Ramil Səfərov məhkəmə heyəti ilə üzbəüz oturmuşdu. Məhkəmə zalında bizdəki kimi qəfəs və akvarium yox idi. Fasilədə nəzarətçilər Ramil Səfərovla görüşə, hətta şəkil çəkdirməyə şərait yaradırdı və bunun üçün heç kimdən pul istəmirdi, eyni ilə bizdəki kimi. Yeri gəlmişkən, məhkəmədə hakimlik edən Andraş Vaskuti mantiya geyinmişdi. Onun sağdış, solduşu olan iki qadın isə mantiyasız adi geyimdə idilər.
Məlum oldu ki, Macarıstanda köhnə, sovet sistemində olduğu kimi xalq iclasçıları var. Bunlar andlı iclasçılar da deyil, sadəcə xalq arasından seçilmiş qeyri-professional hakimlərdi, açığı buna çox təəccübləndim, amma bu dəfə macar məhkəməsi bizimki ilə müqayisədə uduzurdu.
Proses iştirakçılarının təqdimatından sonra hakim bildirdi ki, nə qədər Ramil Səfərov prosesin aparıldığı macar dilini bilmir onun hüquqlarının təmin edilməsi üçün məhkəmə tərcüməçi dəvət etməyə qərar verib. Daha sonra hakim belə bir cümlə işlətdi “Ramil Səfərovun ittiham edildiyi cinayətə görə ən ağır cəza ömürlük həbs cəzası nəzərdə tutulur. Ona görə də Macarıstan dövləti tərcüməçilər üçün pul əsirgəməməlidir. Biz 4 tərcüməçi dəvət etmişik”. Tərcüməçilər təqdim edilərkən məlum oldu ki, hakim dörd dil - Azərbaycan, rus, ingilis və türk dilləri üzrə tərcüməçi dəvət edib.
Əvvəl barəsində bəhs etdiyim Cənubi Azərbaycan əsilli Azərbaycan dili üzrə tərcüməçi görünür ki, Macarıstanda çoxdan yaşadığından onun azərbaycancasını başa düşmək olmurdu. Rus dilindən tərcümə edəcək qadın istintaqda iştirak etmişdi, təbii ki, Səfərov onun iştirakına etiraz etdi. İngilis dili üzrə tərcüməçi birinci dəfə prosesə cəlb edilmişdi. Səfərov onların arasından tərcüməçi kimi türk dili üzrə tərcüməçi Qabriela Ortuncu seçdi. Hesab edirən ki, həyat yoldaşı türk olan bu macar qadının da Ramil Səfərovun cinayət işində və həyatında xüsusi müsbət rolu oldu, o, Ramilə oğlu kimi münasibət göstərirdi. Burda bir haşiyə də çıxmaq istərdim. Macarıstanda məhkəmədə iştirak edən tərçüməçi gördüyü işin bir saatı üçün o vaxt təxminən 80 avro alardı, prosesin sonunda hakim zəhmət haqqının verilməsi üçün qərar verirdi və tərcüməçi pulu dərhal ala bilirdi.
Prosedur məsələləri bitdikdən sonra məhkəmə Ramil Səfərovun dindirilməsinə keçdi…
Davamı olacaq...”

Tehsil-press.az

Oxşar xəbərlər