Beynəlxalq Bank işi üzrə məhkəmə baxışı avqustun 24-nə təyin edilib

Beynəlxalq Bank işi üzrə məhkəmə baxışı avqustun 24-nə təyin edilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.

Tehsil-press.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev müdafiə etdiyi şəxs barəsində olan cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, C.Hacıyevin müttəhim kürsüsündən çıxarılaraq məhkəmə zalında oturması barədə vəsatətlər qaldırıb.
Dövlət ittihamçısı vəsatətlərin rədd edilməsini istəyib. Bildirib ki, sübutlar tədqiq edilmədən bu vəsatətlər təmin edilə bilməz.
C.Hacıyevin digər vəkili Aqil Layıcov isə bildirib ki, iş üzrə həm Beynəlxalq Bank, həm də "Aqrokreditbank"ın zərərçəkmiş kimi göstərilməsi düzgün deyil.
C.Hacıyev bildirib ki, 2001-ci ildən Beynəlxalq Bankın sədri olub və cinayət işi açılanda xaricdə müalicədə olub: "Bir zənglə ölkəyə qayıtdım. Nə vaxt istintaq çağırıb, özüm getmişəm. 11 dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də barəmdə həbs qətimkan tədbiri çıxarılıb. Mənim bir günahım olsaydı, Vətənə qayıtmazdım. Yanımda əyləşən və digər təqsirləndirilənlərlə bir işləmişik. İşdə heç bir problem yoxdur".
O, istintaqın düzgün aparılmadığını deyib: "49 fiziki şəxşə kredit verilməsi ilə bağlı ittiham aktında məlumat var. Kreditlərin hansı istiqamət üzrə ayrılması, necə ödənilməsi ilə bağlı sənədlər bizim tərəfimizdən təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir. Amma krediti götürən şəxslərin heç biri aldıqları məbləğin kimə verildiyini demir. Burada mənimsəmə faktı haradadır?"
C.Hacıyev deyib ki, Beynəlxalq Bankın Audit komissiyasının üzvləri Maliyyə Nazirliyinin əməkdaşları olub və qərarlara qol çəkib. Komissiyada, Maliyyə Şurasında və bankın İdarə Heyətində olan şəxslərlə bağlı ittiham aktında yer verilməyib. Bu məsələlər araşdırılmalıdır.
Prosesdə çıxış edən dövlət ittihamçısı bildirib ki, C.Hacıyev məsələyə düzgün münasibət bildirmədiyi üçün bu çıxış nəzərə alınmasın.
Məhkəmədə çıxış edən Beynəlxalq Bankın nümayəndəsi Zaur İbadov banka dəymiş 211 milyon manat ziyanın C.Hacıyevdən tutularaq Beynəlxalq Banka qaytarılması barədə vəsatət qaldırıb. Prosesdə fasilə elan olunub.
Fasilədən sonra hakim vəsatətləri təmin etməyib. Hazırlıq iclası başa çatıb və iş üzrə məhkəmə baxışı avqustun 24-nə təyin edilib.
Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.


Tehsil-press.az

Oxşar xəbərlər