ADU-da Avropa Dilləri Gününə həsr edilən tədbir keçirilib

ADU-da Avropa Dilləri Gününə həsr edilən tədbir keçirilib Azərbaycan Dillər Universitetində “Beynəlxalq Avropa Dilləri Günü” mövzusunda tədbir keçirilib.
Avropa Dilləri Gününün məqsədi dil öyrənməyi təşviq etmək, bunun əhəmiyyəti barədə məlumat yaymaq, mədəniyyətlərarası anlaşmanı dərinləşdirmək üçün öyrənilən dillərin sayını artırmaq, Avropanın zəngin dil və mədəni müxtəlifliyini təbliğ etmək, məktəbdə və məktəbdənkənar yerlərdə ömürboyu dil öyrənməyi təşkil etməkdir. Bu qaydalara uyğun olaraq gənc və yaşlı insanlarda dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq ən prioritet vəzifəyə çevrilib.
Avropa Dilləri Günü 2001-ci il dekabrın 6-da Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi Avropa Dillər İlinin (2001) təsis konfransında elan edilib. Bu əlamətdar gün münasibətilə Avropa daxilində uşaqlar və tələbələr üçün televiziya və radio proqramları, dil dərsləri və konfranslar daxil olmaqla bir sıra tədbirlər təşkil olunur. Azərbaycan Dillər Universitetində keçirilən bugünkü tədbir də bunun bariz nümunəsidir.
Tədbirdə qeyd olunub ki, Avropada təxminən 225 yerli dil mövcuddur (dünya səviyyəsinin təxminən 3 faizi). Avropa dillərinin əksəriyyəti Hind-Avropa mənşəlidir. XVIII əsrin sonundan bəri Avropanın ən geniş yayılmış dili (həm coğrafiya, həm də yerli danışanların sayı baxımından) fransız dilini əvəz edən rus dili olub. Gündəlik olaraq yalnız yerli dilləri saymaqla, təxminən 150 milyon avropalı rus, alman (təxminən 95 milyon), ingilis və fransız (hər biri 65 milyon), italyan (60 milyon), ispan və polyak (40 milyon), Ukrayna (30 milyon) və rumın (26 milyon) dillərində danışırlar. İngilis dili hazırda Avropada ən populyar xarici dildir, ardınca isə alman, fransız, italyan, rus və ispan dilləridir.
Bu gün çoxdillilik çərçivəsində Avropa İttifaqının sorğusuna görə, Aİ vətəndaşlarının 56 faizi (25 üzv dövlət) ana dillərindən başqa yalnız bir dildə danışır, lakin 44 faizi ana dilindən başqa heç bir dildə danışmır. Bununla yanaşı, Aİ vətəndaşlarının 28 faizi iki xarici dil biliyinə malikdir. Onlar arasında 38 faizi ingilis dilində, 14 faizi fransız və ya alman, 7 faizi rus, 5 faizi ispan və 3 faizi italyan dilində danışa bilir.
Mühacir və qaçqınların sayının çox olması ilə əlaqədar Avropa şəhərləri daha çox dillərə sahib olub. Məsələn, Moskva və Sankt-Peterburqda bir çox mühacir Ukrayna, rumın, tatar, Azərbaycan, tacik, Çin və ya başqa dillərdən birində danışır.
Londonda 300-ə yaxın dildə danışılır (ingilis, fransız, Çin, polyak, rus, ispan, portuqal, ərəb, Benqal, türk, kürd, berber, hind, urdu və s.).
Avropa İttifaqı həm rəsmi sahələrdə, həm də vətəndaşları üçün bir məqsəd kimi çoxdillilik siyasətini həyata keçirir.
2002-ci ildə Aİ-nin Barselonadakı sammitində uşaqların erkən yaşlarından ən azı iki xarici dil öyrənmələri qərara alınıb. Çoxdillilik işçi hərəkətliliyi və Avropa iqtisadiyyatı ilə əlaqəlidir. Aİ-də 1990-cı ildən bəri hər il “Lingua” layihəsi çərçivəsində “Sokrat” və “Leonardo da Vinci” proqramları vasitəsilə dil öyrənməyi və dil müxtəlifliyini təbliğ etmək üçün ildə 30 milyon avrodan çox pul xərcləyir.

Tehsil-press.az

Oxşar xəbərlər