Baş həkimi hədələyib 120 min manat alan şəxs: Vəzifəyə getmək üçün rüşvət verdi

Baş həkimi hədələyib 120 min manat alan şəxs: Vəzifəyə getmək üçün rüşvət verdi Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Rövşən Əliyev, Hətəmxan Çobanov və Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Prosesdə şahid qismində ifadə verən həkim Samir Rəcəbov bildirib ki, o zərərçəkmiş şəxs kimi tanınan Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovun işçisi olub: "İşdən çıxarılacağımı bilirdim. Ona görə də özümü tapşırtmaq üçün adam axtarırdım. Elxan Hümbətovun əmisi Ələkbər Həsənova xahiş elədim, tapşırdı. Elxanı da onda tanımışam. Baş həkimdən hədə-qorxu ilə pul tələb edilməsindən xəbərim olmayıb və məsələni hüquq-mühafizə orqanlarına aparılanda bilmişəm. Elxana baş həkim barədə hansısa şəxsi məlumatlar verməmişəm".
Məhkəmə isə belə qənaətə gəlib ki, Elxanın tanımadığı Mübariz Zeynalovun evi, övladlarının təhsil aldığı universitetlər və onun barəsindəki digər şəxsi məlumatları bilməsi mümkün deyil.
Prosesdə iştirak edən baş həkim Mübariz Zeynalov bildirib ki, Samir Rəcəbov intizamsız olduğu üçün işdən çıxarılacaqmış. Amma iki dəfə ondan xahiş etdikləri üçün Samir Rəcəbovu işdə saxlayıb.
Məlum olub ki, Mübariz Zeynalov Elxanın adını çəkdiyi vəzifəli şəxslə görüşmək, münasibət qurmaq üçün danışıqları davam etdirib. Baş həkim məhkəmədə də bunu təsdiqləyib.
Elxan Hümbətov baş həkimin yalan danışdığını deyib və bildirib ki, M.Zeynalov vəzifəyə getmək üçün onunla danışıb: "Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən hardan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burada yalan danışır. 120 min manatı özü rüşvət vermişdi, məsuliyyətdən yayınmağa çalışır. Həkimdən aldığım pulla xaricdən üç maşın gətirmişdim. Sonra onları satıb pulu qaytardım".
Baş həkim Mübariz Zeynalov təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.
Proses oktyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər