Bakı Ali Neft Məktəbində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Bakı Ali Neft Məktəbində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, bu il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” ölkəmizdə geniş qeyd edilir. Həmçinin, 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib.
Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi açılıb. Bu hər bir azərbaycanlının qürur mənbəyinə çevriləsi bir hadisədir.
Bütün bunları və dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında sərəncamlarını rəhbər tutaraq Bakı Ali Neft Məktəbi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Ədəbi-bədii gecənin açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Rektor qeyd edib ki, Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur.
“Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Biz çox qürür duyuruq ki, ölkə səviyyəsində geniş miqyasda qeyd olunan “İmadəddin Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin tərkib hissəsinə çevrilə bildik. Bu gün həm Bakı Ali Neft Məktəbinin, həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri dahi Nəsimi yaradacılığından qəzəl, kompozisiya, şeir və bəstələr təqdim edəcəklər”. – deyə rektor əlavə edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “İmadəddin Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, akademik İsa Həbibbəyli bildirib ki, dünyada Nəsimidən başqa, insanı ilahi varlıq səviyyəsinə qaldıran ikinci sənətkar yoxdur.
Daha sonra Bakı Ali Neft Məktəbinin, həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimlərinin ifasında “Məndə sığar iki cahan, mən bu cahana sığmaram”, “Könlüm”, “Когда моя луна взойдет на небосклоне красоты”, “Neylərəm”, «Святой дух» və «Проливайте кровавые слезы глаза»,«В саду моей любви единственная роза» və «Мир не стоит», “Eylədi” , “Etməgil” , “Hardasan”, “Cananı mənim sevdiyimi can bilir ancaq”, “Yanaram”, “Ayrılır”, “Ey Məsihadəm, niyə can vermədin cansızlara”, “İnsan dedilər” qəzəlləri “Nəsimi” k/f-dən Tofiq Quliyevin bəstələdiyi “Söylədi yox, yox” mahnısı, “Qafil oyan”, “Simayi – Şəms” və eləcə də Nəsiminin qəzəllərindən ibarət kompozisiyalar, “Məndə sığar iki cahan” Şur təsnifi tamaşaçılara təqdim olunub.
Tədbir Sami Yusifin “Sığmazam” kompozisiyasının video rekviyemi ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər