Təhsil müəssisələrində Nəsiminin 650 illik yubiley tədbirləri

Təhsil müəssisələrində Nəsiminin 650 illik yubiley tədbirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Təhsil müəssisələrində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş konfrans, mühazirə, disput, dəyirmi masa və ədəbi-bədii gecələr təşkil edilir. Eləcə də təhsil müəssisələrində görkəmli şairə həsr olunan fotostendlər, bülletenlər hazırlanır, guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, “Nəsimi ili” çərçivəsində məktəblilər arasında bədii qiraət müsabiqələri, bilik yarışları keçirilir. Məktəb kitabxanalarında İmadəddin Nəsiminin əsərləri əsasında müzakirələr aparılır.
Tədbirlərdə Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edilir, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışılır. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edilməsi, onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyətə malik olması şagirdlərin nəzərinə çatdırılır. Bildirilir ki, Nəsimi dünya poeziyasında diqqətəlayiq yer tutan, əsərlərində daim insan əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.
Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirir, Nəsiminin qəzəllərindən nümunələr səsləndirirlər. Həmçinin “Nəsimi” filmindən fraqmentlər nümayiş olunur.

BŞTİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər