Gənc tədqiqatçılar üçün “Open Academy” layihəsi çərçivəsində seminarlar təşkil olunub

Gənc tədqiqatçılar üçün “Open Academy” layihəsi çərçivəsində seminarlar təşkil olunub Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Open Academy” layihəsi çərçivəsində Bakı, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərdə gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün seminarlar keçirilib.
Seminarlar Azərbaycan Dövlət Aqrar Universitetində, Mingəçevir Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunub.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov layihə haqqında iştirakçılara məlumat verib.
ADPU-nun elm və innovasiya üzrə prorektoru, professor Asəf Zamanov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, fəlsəfə doktoru Ramin Məmmədov, Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Eyyubov layihənin gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıb və dünya elm məkanında müasir çağırışlara uyğun olaraq gənc tədqiqatçılarımızın hazırlanmasında vacibliyini vurğulayıblar.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin nümayəndəsi, layihənin eksperti Ruslan Rəhimli bildirib ki, “Open Academy” çərçivəsində keçirilən seminarlar vasitəsilə gənc tədqiqatçılar “Crowdfunding” platformaları, “Open Science”, “Open Access”, “Open İnnovation”, “Open Educational Resources”, “Creative Common” haqqında geniş bilik və informasiyalara yiyələniblər.
İştirakçılara Avropa elmi məkanında geniş tətbiq olunan və Avropa İttifaqının prioritet olaraq qəbul etdiyi “Open Science” platforması və onun özəllikləri haqqında təqdimatlar edilib. Eyni zamanda iştirakçılar “Open Access” jurnallarına çıxış imkanları, “ORCİD” və digər platformalar haqqında geniş biliklər əldə ediblər.
Seminarlarda hər universitetdən 80 iştirakçı olmaqla ümumilikdə 240 gənc alim, doktorant, magistrant iştirak edib. Diskussiya şəraitində keçən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb. Hər universitetdə iki gün təşkil olunan seminarların yekununda iştirakçılara sertifikatlar verilib.

ADPU-nun Mətbuat Xidməti


Gənc tədqiqatçılar üçün “Open Academy” layihəsi çərçivəsində seminarlar təşkil olunub

Oxşar xəbərlər