BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb

BDU və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb Bakı Dövlət Universiteti (BDU) və universitetin Həmkarlar İttifaqı Komitəsi (HİK) arasında kollektiv müqavilə imzalanıb.
Rektor Elçin Babayev müqavilənin Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sazişin əsasında imzalandığını qeyd edib. O, müqavilənin BDU və universitetin HİK arasında qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə təkan verəcəyini bildirərək, universitetin hər zaman Həmkarlar İttifaqı Komitəsinin yanında olduğunu vurğulayıb. Rektor, həmçinin BDU-dakı yeniliklərdən və bu ali təhsil ocağının 100 illik yubileyə hazırlıq proseslərindən də bəhs edib.
Daha sonra çıxış edən BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov göstərdiyi etimada görə Elçin Babayevə təşəkkürünü bildirib və BDU HİK-in hər zaman universitet əməkdaşlarının sosial, hüquqi, mənəvi mənafelərini qoruduğunu, imzalanan müqavilənin də bu əməkdaşlığa stimul olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, kollektiv müqavilə BDU-nun sosial-iqtisadi inkişafı istiqamətləri, peşə qrupları, təhsil işçiləri üçün layiqli, təhlükəsiz əmək şəraiti, əməkhaqqı, sosial təminatları və əlavə imtiyazları müəyyən etmək məqsədilə imzalanıb.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər