ADPU-nun rektoru ictimai təşkilatların nümayəndələri və fəal tələbələrlə görüş keçirib

ADPU-nun rektoru ictimai təşkilatların nümayəndələri və fəal tələbələrlə görüş keçirib Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Azedu.az” təhsil portalının 12 ali təhsil müəssisəsi arasında keçirdiyi “Azərbaycanda hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktiv fəaliyyət göstərir?” sorğusunun nəticələrinə əsasən I yeri tutub. Həmçinin ADPU-nun tələbələri Azərbaycan Respublikasının Gənclər Fondunun keçirdiyi 11-ci qrant müsabiqəsində 5 qrant layihəsini qazanıblar. Bu münasibətlə oktyabrın 31-də ADPU-da tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, ictimai təşkilatların nümayəndələri, fəal tələbələr iştirak ediblər.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tələbə Həmkarlar İttifaqı Komitəsini və qrant layihələrini qazanan tələbələri təbrik edərək onlara təhsildə və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu gün universitetimizin kollektivinin həyatında xoş və sevincli bir gündür. Son iki ayda ADPU iki böyük uğur qazanıb. “Azedu.az” təhsil portalının və “Məktəbguşəsi.az”saytının keçirdiyi müvafiq sorğuların nəticələrinə əsasən ADPU I yerə layiq görülüb. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) də “Məktəbguşəsi.az” saytının keçirdiyi virtual sorğunun nəticələrinə görə I yeri tutub. Bu uğurlar bizi çox sevindirir və qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çatmağımıza səmərəli təsir göstərir. Belə mütərəqqi təşəbbüslər, ideyalar təbliğ edilməli, bu fəaliyyətin miqyası genişləndirilməlidir. Bu sahənin mütəxəssisləri universitetimizə cəlb edilməli, təlimlər, seminarlar, kurslar təşkil edilməlidir. Beynəlxalq layihələrdə iştirak etməyimiz üçün aparıcı xarici dilləri yaxşı bilməyimiz olduqca vacibdir.
ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov çıxış edərək göstərilən diqqət və qayğiya görə universitetin rəhbərliyinə, eləcə də sorğuda qalib gəlmələrinə dəstək verən hər kəsə təşəkkür edib. Bildirib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin qələbəsi ümumilikdə ADPU-nun qələbəsidir. Dosent V.Məmmədov çıxışında təmsil etdiyi təşkilatın fəaliyyəti və gələcəkdə həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, tələbələr Lamiyə Rzayeva, Ləman Vəliyeva, Nərmin Əhmədova, Xaliq Abbasov, Şıxməmməd Şıxməmmədov qazandıqları qrant layihələri haqqında danışıblar. Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov tələbələrin sosial fəallığının artırılması üçün görülən işlər haqqında məlumat verib.
Professor Fikrət Rzayev, professor Fərrux Rüstəmov, dosent Şahin Pənahov, dosent Yusif Alıyev çıxış edərək tələbə-gənclərin qrant layihələri ilə bağlı fəaliyyətlərinin təkmilləşdirilməsi, layihələrin tədris prosesinə tətbiqi və digər vacib məqamlar barəsində öz fikir və mülahizələrini bölüşüblər.
Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər