UNESKO ilə bağlı keçirilmiş tələbə inşa müsabiqəsinin qalibləri müəyyən edilib

UNESKO ilə bağlı keçirilmiş tələbə inşa müsabiqəsinin qalibləri müəyyən edilib UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ADA Universiteti ilə birgə “Azərbaycan-UNESKO əməkdaşlığı: nailiyyətlər və gələcək perspektivlər” mövzusunda inşa müsabiqəsi təşkil edib. Dekabrın 5-də müsabiqənin qalibləri elan olunub və universitetin tələbələri mükafatlandırılıb.
Müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında Azərbaycan-UNESKO əməkdaşlığı barədə məlumatlılığın artırılması, mövcud münasibətlər, əldə olunan nailiyyətlər, eləcə də gələcək perspektivlər üzrə araşdırmaların aparılmasının təşviq edilməsi olub. ADA Universitetinin tədris mərkəzində keçirilən təltifetmə mərasimində Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, universitetin icraçı prorektoru Fariz İsmayılzadə, tədris işləri üzrə prorektor Vəfa Kazdal, eləcə də müəllim və tələbələr iştirak ediblər.
Tədbir zamanı UNESKO barədə ətraflı məlumat verən Elnur Sultanov ölkəmizin bu qurum ilə mövcud əməkdaşlıq münasibətlərinin tarixindən, təşkilata üzvlüyündən, Milli Komissiyanın fəaliyyət istiqamətləri, əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən bəhs edib. O, Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində, bu qurumun dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və müstəsna xidmətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Universitetin tədris işləri üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, tələbələr tərəfindən aparılan araşdırmalar mövzuya dair bir sıra maraqlı və yeni məlumatlar ortaya qoyub. Qalibləri təbrik edən prorektor bilik əldə edərkən uduzanların olmadığını diqqətə çatdırıb.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə tərəfdaşlara minnətdarlığını bildirib. O vurğulayıb ki, bu inşa müsabiqəsi diplomatiya və beynəlxalq münasibətlər ixtisasının aparıcı tədrisi ilə tanınan ADA-nın tələbələrinə öz biliklərini artırmaq üçün daha bir fürsət verib.
İnşa müsabiqəsinin qalibləri – dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alan Nail Eminov 3-cü, dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alan Sona Əhmədzadə 2-ci və biznes ixtisası üzrə təhsil alan Gülgəz İskəndərova 1-ci yerə layiq görülüblər. Onlara smartfon, planşet və kompüter verilib.

Tehsil-press.az

Oxşar xəbərlər