“Kurikulum bələdçisi” kitabının və “Terminlər lüğəti”nin təqdimatı olub

“Kurikulum bələdçisi” kitabının və “Terminlər lüğəti”nin təqdimatı olub AzEdu.az təhsil portalının icraçısı, BP şirkəti və tərəfdaşlarının dəstəyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində hazırlanan və nəşr etdirilən “Kurikulum bələdçisi (izahlar və tətbiqlər)” kitabının və “Terminlər lüğəti”nin təqdimatı keçirilib.
Tədbirdə təqdim olunan nəşrlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, müvafiq layihə çərçivəsində 500 kitab və 3 min lüğət nəşr olunub və onlar müəllimlərə, mütəxəssislərə veriləcək, təhsil müəssisələrinə hədiyyə ediləcək.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, kurikulum metodikası üzrə kitab və yeni kurikulumun tədrisi üzrə pedaqoji terminləri əhatə edən lüğət müəllimlər üçün dəyərli vəsait olacaq və onlara innovativ, qabaqcıl tədris metodlarının, üsullarının tətbiqində əlavə bələdçilik edəcək.
“Müəllimlər məktəb kurikulumunun hazırlanmasında, həyata keçirilməsində, qiymətləndirilməsində və dəyişdirilməsində mühüm rol oynayırlar. Bu kitaba dəstək olmaqla, biz müəllimlərin tədrisin və ümumilikdə ölkədəki təhsilin keyfiyyətinin davamlı surətdə artırılması istiqamətində göstərdiyi səylərə dəstək olmaq istədik. Ümid edirik ki, müəllimlər bu vəsaitdən bəhrələnəcəklər”, - deyə Bəxtiyar Aslanbəyli bildirib.
Dosent Ənvər Abbasov “Kurikulum bələdçisi (izahlar və tətbiqlər)” kitabı və “Terminlər lüğəti” ilə bağlı fikirlərini bildiriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva, Təhsil Nazirliyi yanında ictimai Şuranın sədr müavini Nadir İsrafilov, AzEdu.az Təhsil portalının baş direktoru Elşad Eyvazlı nəşrlərin əhəmiyyətini vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər