Kurikulum uğura aparan yoldur

Kurikulum uğura aparan yoldur
Fəal dərs şagirdlərin öyrənməyə, əməkdaşlığa marağını artırır

Kurikulumun tətbiqindən 10 ilə qədər vaxt keçsə də bəzi müəllimlər hələ də sosial şəbəkələrdə kurikuluma etirazlarını bildirir, çətinliyindən şikayətlənir, bəziləri isə hətta, ləğvinə ümid bəsləyirlər. Bu dövr ərzində kurikulum sözünün lüğəti mənası, kurikulumun yaranma tarixi, xarakteri, səciyyəvi cəhətləri və s. barədə yüzlərlə məqalə, metodik vəsait dərc olunmuş, müxtəlif resurslar hazırlanmışdır. Mənim məqsədim isə sadə dillə kurikulumun praktik üstünlüklərini həmkarlarıma çatdırmaqdır.
Kurikulum təhsil sahəsində bir termindir. Həm də dünya təhsil sistemində vətəndaşlıq hüququ qazanmış termindir. Nəzərə almalıyıq ki, təhsilimiz beynəlxalq aləmə qovuşmaq, dünya təcrübəsindən yararlanaraq inkişafı təmin etmək üçün dünya təhsil sisteminə inteqrasiya edir. Əgər bu termini işlətməklə dünya bizi tez anlayacaqsa, nə üçün ondan istifadə etməyək? Əgər biz “kurikulum”u “yeni proqram” adlandırsaydıq heç bu qədər müzakirələrə səbəb olmazdı. Kurikulum sözünün lüğəti mənası da ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “proqramı” kimi izah olunur.
Proqramı həmişə Dövlət Proqramı adlandırmışıq. Təhsil Nazirliyi tərəfindən təsdiq olunub, biz isə tədris planı əsasında proqram materiallarını yerinə yetirməyə çalışmışıq.
Dövlət proqramlarında məqsəd proqram materiallarının yerinə yetirilməsi idisə, kurikulumda məqsəd standartın, - dövlət tələbinin reallaşdırılmasıdır.
Dərs mürəkkəb bir prosesdir. Bu mürəkkəbliyi yaradan əsas səbəb dərslərin, mövzuların texnologiyasının müxtəlif olmasıdır. Uzun illər biz “Dərsin ağası müəllimdir” prinsipi ilə bu çətin prosesi hər kəsin öz vicdanına, bilik, bacarıq və qabiliyyətinin ixtiyarına buraxmışıq. Hamımız sinfə daxil olanda təxminən eyni hərəkətləri yerinə yetirmişik. “Kim yoxdur ?”, “Kim dərsi bilir?”, “gəl danış”, “mühazirəmizi” deyib, bir az “sual-cavab”, “qiymət”, “ev tapşırığı” və bununla da işimizi bitirmiş hesab edirdik.
Təlim metodlarından istifadəyə gəlincə, “problem situasiya” yaradan müəllimə “yaxşı müəllim” demişik. Ümid qalırdı müəllimin şəxsi yaradıcılığına. Onun da əlində zəngin metodiki ədəbiyyatı belə yox idi. Bəs yaxşı müəllim nə qədər idi ? Öz işini sevən, yaradıcı axtarış aparan, dərsə hər dəfə bir yenilik gətirən müəllimlər. Bəli, belə müəllimlərimiz, həqiqətən, az idi. Dərsin intensivliyini təmin etmək üçün hər kəs öz imkanları daxilində çalışırdı. Kim nəyə, necə nail olurdu, bilinmirdi. Dərsə verilən tələblər belə özünü doğrultmurdu. Fərqi görmək üçün ənənəvi və interaktiv dərslərin xüsusiyyətlərinin müqayisəli cədvəlinə baxmaq kifayət edər.
Təkcə bir faktı qeyd edək ki, dərslikdən əlavə müəllim üçün hazırlanan metodik vəsait onun fəaliyyəti üçün əvəzsiz mənbədir. Illik planlaşdırma nümunəsi, məzmun standartlarının reallaşdırılması cədvəli, təlim texnologiyaları, fəndaxili inteqrasiya, məktəbdaxili qiymətləndirmə və sair kimi dərsin qurulması üçün vacib məqamları özündə əks etdirən bu vəsaiti necə qiymətləndirməmək olar? Ən zəif müəllim belə kurikulumla vaxtın çatışmazlığından şikayət edir. Bəs bu “yol” müəllimi işləməyə vadar etmirmi? Müəllim özündən asılı olmayaraq dərsin intensivliyini təmin etmirmi? Kiçik və böyük summativ qiymətləndirmələrin test üsulu ilə aparılması şagirdlərin buraxılış və qəbul imtahanlarına adaptasiyası kimi dəyərləndirilə bilməzmi?
Formatıv qiymətləndirmə aparırıq, - “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə səviyyələrlə rum rəqəmi ilə, məktəbli kitabçasında isə sözlə yazırıq.
Hansı qiymət şagirdin biliyini dəqiq müəyyən edir? Əvvəlki kimi gündəlikdə yazdığımız “5” (əla) yoxsa, “şeirdə bədii təsvir vasitələrini tam müəyyənləşdirir”.
Əlbəttə ki, sözlə ifadə. Qiymətləndirmənin mahiyyəti valideynlərə də belə izah edilsə, yeniliyin məqsədi daha tez anlaşılacaqdır.
Yaradıcı müəllimlər İKT-dən istifadə etməklə fəal dərsin mərhələlərini elə maraqlı qururlar ki, belə dərslər öyrənməyə, əməkdaşlığa, sinfə, məktəbə şagirdlərin marağını artırır.
Mən ənənəvi dərsdən yaxa qurtara bilməyən müəllimləri demirəm. Təəssüf ki, belələri hələ də var. Kurikulumla tədris aparan müəllimlərin isə şagirdləri fəaldır, onlarda bir sərbəstlik, fikrə münasibət bildirmə, dinləyib anlama, tələbkarlıq, müzakirə mədəniyyəti hiss olunur.
Belə faktların sayını artırmaq da olar. Gəlin, hamılıqla Azərbaycan təhsilində dəyərli məzmun islahatı olan kurikulumun tətbiqinə dəstək olaq.

Xaləddin NİFTƏLİYEV,
Yevlax Şəhər Təhsil Şöbəsi Metodiki kabinetinin müdiri


Oxşar xəbərlər