“Startup Day 2019”-un qalibləri seçilib

“Startup Day 2019”-un qalibləri seçilib Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkil etdiyi “Startup Day 2019” adlı tədbir keçirilib. Tədbir London South Bank Universitetinin dəstəyi ilə “Creative Spark” proqramı çərçivəsində gerçəkləşib.
Universitetin İnnovativ Biznes İnkubator Mərkəzinin təşkil etdiyi tədbir universitetin bakalavr, magistr tələbələrinin və doktorantların startup layihələrinin inkişaf etdirilməsi üçün Boot Campların və treninqlərin təşkil olunması mövzusundadır. Onun keçirilməsində məqsəd tələbələrin elmi innovativ layihələrə cəlb olunması, gənc menecer və sahibkarların yetişdirilməsi, tələbələrdə kreativ biznes ideyaların inkişaf etdirilməsi və artırılması, komanda şəklində işləmək bacarıqlarının formalaşdırılması və s-dir.
“Startup Day 2019” adlı tədbirdə AzMİU-nun demək olar ki, bütün fakültələrinin tələbələri aktiv iştirak edib, maraqlı layihələr nümayiş etdiriblər. Komandalar şəklində çalışan tələbələrin təqdim etdikləri Cavalab, Universal Tract, Doktor P, “Təmiz hava”, Birİnci, DAC Forum, ASAN Dolab, Alov Games, Smart Parkinq, “Həyat ver”, Master Job və digər startup layihələri qonaqlar tərəfindən maraqla qarşılanıb. Münsiflər startapçıların hazırladıqları layihələr ətrafında onları maraqlandıran suallar veriblər, tələbələrə ideyalarını daha da inkişaf etdirmək üçün düzgün istiqamət göstərib, dəstək nümayiş etdiriblər.
Layihələrin təqdimatı bitdikdən sonra münsiflər tələbələrin işlərini qiymətləndirib, ən yaxşı layihə təqdim edənləri 1, 2 və 3-cü yerlərlə mükafatlandırıblar. Birinci yerə Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının doktorantı Ramin Əkbərovun “Təmiz hava” layihəsi, 2-ci yerə Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Cavid Hüseynzadənin komanda ilə birgə hazırladığı Cavalab layihəsi, 3-cü yerə Tikinti-iqtisad fakültəsinin 3-cü kurs tələbəsi Nərminə Hüseynlinin Doctor P layihəsi layiq görülüb. Müxtəlif şirkətləri təmsil edən münsiflər heyətinin üzvləri qaliblərə mükafatlar və diplomlar təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Tədbirdə AzərGold, 166 Global Logistics, Kiçik və Orta Biznes Agentliyi, British Council, Azinnex şirkətindən rəhbər və nümayəndələr iştirak edib.

Mətbuat Xidməti


“Startup Day 2019”-un qalibləri seçilib

“Startup Day 2019”-un qalibləri seçilib

“Startup Day 2019”-un qalibləri seçilib

Oxşar xəbərlər