“Əli Tudənin yaradıcılıq yolu” monoqrafiyası çapdan çıxıb

“Əli Tudənin yaradıcılıq yolu” monoqrafiyası çapdan çıxıb Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Əli Tudənin yaradıcılıq yolu” monoqrafiyası nəşr olunub.
Monoqrafiyada Əli Tudənin həyatı, mühiti, bədii yaradıcılığı geniş şəkildə araşdırılıb. Onun çoxcəhətli ədəbi-ictimai fəaliyyəti ustalıqla və dolğun şəkildə təhlil olunub. Əli Tudənin ömür yolunu və ədəbi irsini dərindən bilmək tədqiqatçıya bu sənət bahadırını şair, publisist, ədəbiyyatşünas, tərcüməçi və naşir kimi təqdim etməyə, onun istedad və yaradıcılığı sayəsində milli ədəbiyyatımızın zənginləşməsində xidmətlərindən bəhs etməyə imkan verib.
Monoqrafiya üç fəsildən – “Əli Tudənin həyatı və ədəbi-ictimai mühit”, “Əli Tudənin bədii yaradıcılığı”, “Əli Tudənin ədəbi görüşləri”, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Professor Teymur Əhmədovun elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiyada Əli Tudənin poema, povest və hekayələri də ətraflı təhlil edilib, onun əsərlərinin ideya məzmunu və sənətkarlıq xüsusiyyətləri tədqiq olunub.
Qeyd edək ki, Əli Tudə Cavadzadə (1924-1996) müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. O, 72 illik ömrünün 50 ildən çoxunu milli poeziyamızın inkişafına həsr edib. Əli Tudənin lirikasında Azərbaycan torpağının təbii gözəlliyi, mərd, mübariz insanların zəngin mənəvi dünyası tərənnüm olunub.

Tehsil-press.az

Oxşar xəbərlər