Azərbaycan Universiteti illik fəaliyyətinə yekun vurub

Azərbaycan Universiteti illik fəaliyyətinə yekun vurub Azərbaycan Universitetində elmi şuranın genişləndirilmiş son iclası keçirilib.
İclas 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
İclası rektor Səadət Əliyeva açaraq universitet kollektivinin 2019-cu il ərzində məhsuldar fəaliyyət göstərdiyini və uğurlu işlərə imza atdığını bildirib. Diqqətə çatdırıb ki, əldə olunmuş uğurlar tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi-pedaqoji potensialın gücləndirlməsi, heyətin müxtəliftipli təlimlərə cəlb olunması, tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsi və bu kimi sahələri əhatə edib. Tədris ilinin mühüm yeniliklərinə nəzər salan rektor universitetin güclü tərəfləri ilə yanaşı, zəif nöqtələri olduğunu da bildirib və çatışmazlıqların aradan qaldırılması istiqamətində iş aparılacağını vurğulayıb. Səadət Əliyeva qarşıda duran vəzifələrdən də danışıb və universitet kollektivini 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Elmi işlər üzrə prorektor, professor Yusif Qasımov Azərbaycan Universitetinin əldə etdiyi bütün uğurların arxasında universitet rəhbərliyinin kollektivə olan böyük inamının dayandığını vurğulayıb.
Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva universitetin 2019-cu ildəki elmi fəaliyyəti haqqında hesabatla çıxış edib. Hesabata universitetin elmi potensialı, elmi konfransların təşkili və keçirilməsi, “İpək yolu” elmi jurnalının fəaliyyəti, elmi tədbir, təlim və seminarlar, beynəlxalq elmi əməkdaşlıq, dərc edilmiş elmi işlər, “Web of Science” bazasında indekslənən məqalələrin və onlara istinadların sayı və elmi fəaliyyətin nəticələri daxil edilib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova tədbir iştirakçılarına 2019-cu ildə görülmüş işlər haqqında arayış təqdim edib. Arayış tələbə qəbulu, Abituriyent Məsləhət Mərkəzinin fəaliyyəti, universitetdə tətbiq olunan tələbə dəstək layihələri, yeniliklər və əldə olunmuş uğurlar, beynəlxalq təhsil layihələrində iştirak, tələbə-müəllim və heyət mübadiləsində iştirak, “Nəsimi ili” çərçivəsində tədbirlər planının icra olunması, beynəlxalq təhsil sərgisində iştirak, əlamətdar tarixlərin, yubiley tədbirlərinin keçirilməsi, sosial layihələrdə iştirak, tələbə aktivliyi, tələbələrin karyera hazırlığı, fərdi inkişaf təlimləri və dərsdənkənar fəaliyyətlərinin təşkil olunması kimi mövzuları əhatə edib.
İclasda qeyd olunub ki, Azərbaycan Universiteti 2019-cu ildə görülən işlər və əldə olunan nəticələrlə 2018-ci ili qabaqlayıb, ali məktəbin strateji planında nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün effektiv fəaliyyət davam etdirilib.
Hesabat iclasının yekununda 2019-cu ilin nəticələrinə əsasən yüksək elmi nəticələrə nail olan və elmi uğurları ilə fərqələn universitet əməkdaşlarına rəhbərliyin mükafatları təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər