ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA UNİVERSİTETİN YENİ UĞURLARINDAN BƏHS OLUNUB

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA UNİVERSİTETİN YENİ UĞURLARINDAN BƏHS OLUNUB Gəncə Dövlət Universitetində rektor, professor Yusif Yusibovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbiri açan rektor Yusif Yusibov 2019-2020-ci tədris ilində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barəsində danışıb.
İlk olaraq rektor, professor Yusif Yusibov Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsində qalib olan İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərovu və Fizika kafedrasının dosenti Vaqif Rüstəmovu təbrik edərək onlara uğurlar arzulayıb.
Bildirilib ki, “Antivarron” layihəsinin icraçı direktoru İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərovdur. Fizika kafedrasının dosenti Vaqif Rüstəmovun hazırladığı qurğu arıları gənədən təmizləmək üçün istifadə edilir. Bu qurğunun vasitəsilə, heç bir kimyəvi preparatdan istifadə etmədən, saf bal əldə etmək mümkündür.
Qeyd edək ki, qurğu “Antivarron” layihəsi çərçivəsində “AgroX” startap müsabiqəsində 1-ci yerə layiq görülərək 6 min manat pul mükafatı qazanıb.
Əvvəlcə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Fəxrəddin Məmmədovun 2019-2020-ci tədris ilinin I yarımili üçün fakültələr üzrə sərbəst iş, kollekviumların keçirilməsi, aylıq məlumat formalarının doldurulmasına dair hesabatı dinlənilib.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Millət vəkili Pərvin Kərimzadə isə Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərə dair məruzə ilə çıxış edib. Prorektor bu istiqamətdə aparılan işlərdən bəhs edərək universitetin xarici universitetlərlə imzaladığı müqavilələrdən, Beynəlxalq əlaqələr şöbəsinin qazandığı mükafatlardan, iştirak etdiyi konfranslardan və İnnovasiyalar Deportamentinin davam edən uğurlarından danışıb.
Daha sonra Arifə Əhmədlinin Coğrafiya kafedrasının dosenti elmi adını almağa dair vəsatəti səsə qoyularaq qəbul edilib.
Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.

GDU-nun Mətbuat Xidməti


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA UNİVERSİTETİN YENİ UĞURLARINDAN BƏHS OLUNUB

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA UNİVERSİTETİN YENİ UĞURLARINDAN BƏHS OLUNUB

Oxşar xəbərlər