Azərbaycan Universitetində yeni tədris ili başladı

Azərbaycan Universitetində yeni tədris ili başladı Azərbaycan Universitetində 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri və birinci kurs tələbələri iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri və universitetin professor-müəllim heyətini təbrik edib. Ötən tədris ilində Azərbaycan Universitetinin əldə etdiyi uğurları diqqətə çatdıran rektor ali təhsil müəssisəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və perspektivdə daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib. Səadət Əliyeva deyib: “Tələbə olmaq gənclərdə məsuliyyət hissini daha da artırmalıdır. Gələcəkdə böyük uğurlara imza atmaq üçün hər biriniz tələbəlik illərini səmərəli keçirməyə səy göstərməli, universitetin yaratdığı imkanlardan maksimum faydalanmalısınız”.
Çıxış sonrasında rektor Səadət Əliyeva 2018/2019-cu tədris ilində “Aprel şəhidi Fəxrəddin Qurbanlı” təqaüdünə layiq görülən tələbəni tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, qeyd olunmuş təqaüd birinci tədris ilinin birinci semestrində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə I kurs tələbəsi Sənan Fərmanlıya veriləcək. Rektor tərəfindən universitetə yüksək balla qəbul olan 12 tələbəyə tələbə biletləri və ictimai nəqliyyatda bir illik gediş haqqı ilə təmin edən müvafiq elektron ödəniş kartları da təqdim olunub.
Rektorun müşaviri Nüşabə Quliyeva, elmi işlər üzrə prorektor, prof. Yusif Qasımov tələbələrə qəbul olduqları ixtisaslar üzrə peşəkar bilik və bacarıqların qazandırılması ilə yanaşı onların fərdi inkişafı üçün Universitetdə ardıcıl həyata keçirilən layihələr, görülən işlər haqqında məlumat veriblər.
Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıblar.
Tədris şöbəsinin baş metodisti Yusif Novruzov birinci kurs tələbələrini kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə tanış edib. Təqdimatda tələbələrin hüquq və öhdəlikləri haqqında ətraflı məlumat verilib.
Sonda tələbələrə Tələbə Gənclər Təşkilatının fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub. Təşkilatın sədri Rövşən Saatov çıxış edərək tələbələri TGT-nin nəzdində fəaliyyət göstərən klublarda aktivliyə səsləyib.
Digər tələbələrin tələbə biletləri isə müvafiq dekanlar tərəfindən təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində yeni tədris ili başladı

Oxşar xəbərlər