Professor Kamilə Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Professor Kamilə Vəliyevanın 80 illik yubileyi qeyd olunub Yanvarın 10-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamilə Vəliyevanın 80 illik yubileyi qeyd olunub.
Tədbirdə müəssisənin direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan Kamilə Vəliyevanı zəngin erudisiyasına, dərin biliyinə görə seçilən, xalqına və onun mədəniyyətinə dərin hörmət bəsləyən sadə, təvazökar və humanist insan kimi xarakterizə edib. Qeyd olunub ki, o, 1971-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi, 1997-ci ildə isə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. Alim Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olub. Hazırda Dilçilik İnstitutunun elmi və müdafiə şuralarının üzvüdür. Onun tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilib.
Sonra institutun Həmkarlar Təşkilatının sədri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva elmdə səmərəli fəaliyyətinə görə Kamilə Vəliyevanı fəxri fərmanla təltif edib.
Tədbirdə professorlar İsmayıl Məmmədli və Məsud Mahmudov, filologiya üzrə fəlsəfə doktorları Kifayət İmamquliyeva, Təranə Şükürlü, Vahid Adilov, Teyyub Quliyev, Qüdsiyyə Qəmbərova, İntizar Salahova, Qətibə Quliyeva alimin yüksək insani keyfiyyətlərindən, səmərəli elmi fəaliyyətindən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər