Neftçi-geoloqun iki kitabı Almaniyada ingilis dilində çapdan çıxıb

Neftçi-geoloqun iki kitabı Almaniyada ingilis dilində çapdan çıxıb Azərbaycan “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin (İB) xətti ilə Avropanın və Amerikanın neftçi geoloqları cəmiyyətlərinin həqiqi üzvü, təcrübəli neftçi-geoloq Arzu Cavadovanın 2 kitabı Almaniyada tanınmış “Books on Demand“ nəşriyyatında ingilis dilində çapdan çıxıb.
Birinci kitab “Cənubi Xəzər hövzəsinin Pliosen dövrünün stratiqrafiyası, mikrofauna və Məhsuldar-Qırmızı Qat seriyalarının paleomühiti“ adlanır. Bu tədqiqat Cənubi Xəzər hövzəsindəki Məhsuldar və Qırmızı Qat dövrü seriyalarının biostratiqrafiyasını, ostrakoda faunasını, alt Pliosen dövrünün paleogeoqrafiyası və Cənubi Xəzər hövzəsinin paleomühitinin rekonstruksiya məsələlərini izah edir. Tədqiqat dənizdə yerləşən 29 perspektivli strukturda qazılan 41 dərin kəşfiyyat quyusundan toplanmış 151 kern nümunələrinin tədqiqatına əsaslanır. Bu araşdırma, həmçinin qeyd olunan quyuların karotaj məlumatları ilə müqayisə edilib. Kitabda alt Pliosen dövrünün biostratiqrafiyasında ostrakoda faunasının rolu və təkamülü prosesi dəqiqliklə izlənilib. Kompleks tədqiqatda seysmik və biostratiqrafik məlumatlardan istifadə edilərək Cənubi Xəzər hövzəsinin Məhsuldar və Qırmızı Qat dövrü seriyalarının paleomühiti məsələləri də izah edilib. Paleontoloqlar və geoloqlar üçün nəzərdə tutulmuş kitaba Avstraliyanın Vollonqonq Universitetinin tanınmış alimi İradj Yassini rəy verib.
Arzu Cavadovanın “Cənubi Xəzər və ona bitişik ərazilərin Dördüncü dövr və ostrakoda faunası“ adlı ikinci kitabı da paleontoloqlar və geoloqlar üçün çox dəyərli vəsaitdir. Dördüncü dövr iqlim, dəniz səviyyələri, topoqrafiya, fauna, flora və landşaftın digər təbii komponentlərinin tez-tez və kəskin dəyişməsi ilə xarakterizə olunur. Kitabda Cənubi Xəzər hövzəsində 43 dəniz strukturunda qazılmış 72 kəşfiyyat quyusundan toplanmış 591 kern məlumatları, bu hövzədəki Dördüncü dövr ostrakoda faunası, stratiqrafiyası haqqında faydalı məlumatlar yer alıb. Dənizin geniş ərazisi üzərində Dördüncü dövrdə rast gəlinən ostrakoda faunasının taksonomik etibarlılığı və yayılma arealı da araşdırmada öz əksini tapıb. Araşdırmada Türkmənistan şelfindən 13, Abşeron və Bakı arxipelaqlarından 30 strukturun mühəndis qazma quyularının kern nümunələri öyrənilib, karotaj və seysmik məlumatlarla əlaqəli şəkildə tədqiq edilib və əsaslandırılıb.
Hər iki kitab Cənubi Xəzərin paleontologiya, stratiqrafiya, paleomühit və ümumi geologiyası sahəsində ən müasir və son məlumatlarla zəngindir.
Qeyd edək ki, Arzu Cavadova 1985-1996-cı illərdə dənizdə geoloji kəşfiyyat idarəsində geoloq kimi fəaliyyət göstərib. O, elmi-tədqiqat işlərinə hələ istehsalatda çalışarkən başlayıb və 1996-cı ildə Azərbaycan EA-nın Geologiya və Geofizika İnstitutunda geologiya-mineralogiya elmləri namizədi adını alıb. Arzu Cavadova 20 ildir ki, Almaniyada yaşayır, lakin doğma Xəzəri öyrənməkdən yorulmur. Hazırda o, Xəzər dənizinin Miosen, Pliosen və Dördüncü dövr çöküntülərində rast gəlinən ostrakoda faunasının atlası üzərində işləyir.

Tehsil-press.az

Oxşar xəbərlər