Akademik Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib

Akademik Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim və tanınmış ictimai xadim, akademik Musa Əliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley yığıncağı keçirilib. Prezident İlham Əliyevin “Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən təşkil olunan tədbirdə alimin yaxınları və doğmaları, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş M.Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Sonra tədbir AMEA-da davam edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin ömür yolundan, Azərbaycanın elmi potensialının artırılması və milli sərvətə çevrilməsində, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlərindən danışıb. Qeyd olunub ki, akademik M.Əliyev XX əsr Azərbaycan elm tarixində öz yeri olan böyük şəxsiyyətlərdəndir. O, geoloq kimi Yer qabığının müxtəlif qatlarını araşdırıb öyrənməklə onu elmimiz, iqtisadiyyatımız üçün faydalı bir vasitəyə çevirib. M.Əliyev neft elminə böyük yeniliklər gətirib, geologiya elminin paleontologiya sahəsi üzrə uğurlar qazanmaqla yanaşı, həm də böyük məktəb yaradıb. Elmin bu sahəsində çalışan alimlərimiz məhz onun davamçıları və yetirmələridir. Alimin rəhbərliyi altında 50-dək elmlər doktoru və namizədi hazırlanıb. Akademik 250 elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın müəllifidir. Alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük bir yatağın (“Neft daşları”) açılışı olub.
Çıxış edənlər akademik M.Əliyevi görkəmli ictimai və dövlət xadimi, bacarıqlı elm təşkilatçısı, məşhur neftçi-geoloq, dünya miqyaslı alim-stratiqraf kimi xarakterizə ediblər. Qeyd olunub ki, o, Təbaşir dövrünün stratiqrafiyası və paleontologiyasının araşdırılmasında öz dəstxətini qoyub. Təbaşirin sistematikası və stratiqrafik cəhətdən yayılmasına, habelə paleontologiya, biostratiqrafiya və paleocoğrafiya məsələlərinə həsr olunmuş əsərləri alimi dünya geologiya elmində məşhurlaşdırıb.
Yubiley yığıncağında “Görkəmli alimin şərəfli həyat yolu”, “Akademik Musa Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu” mövzularında məruzələr dinlənilib, alimin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.

Akademik Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib

Tehsil-press.az

Oxşar xəbərlər