AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən və beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, institut uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.
Akademik A.Əlizadə qeyd edib ki, fəaliyyət göstərdiyi 80 il ərzində institutda üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlərin ayrılması kimi mühüm nailiyyətlər əldə olunub. Həmçinin Azərbaycan geologiya elminin korifeyləri tərəfindən elmi məktəblər yaradılıb.
Diqqətə çatdırılıb ki, institut Yaponiya, Almaniya, ABŞ, Çin, İtaliya, Rusiya, Fransa, Ukrayna, Gürcüstan və digər ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq edir.
Çıxış edənlər Geologiya və Geofizika İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib, kollektivə yeni uğurlar arzulayıblar.
Tədbirdə görkəmli dövlət və elm xadimləri, səfirliklərin, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər