İnterpolun sabiq rəhbəri 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib

İnterpolun sabiq rəhbəri 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib Çinin Tiencin şəhər məhkəməsinin qərarı ilə İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin sabiq müavini Men Hunvey 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Bu barədə Çin KİV-ləri məlumat yayıb. Sabiq nazir müavini korrupsiyada şübhəli bilinirdi. Məhkəmənin gedişində onun qanunsuz əməlləri sübuta yetirilib. Onun müxtəlif vəzifələrdə işlədiyi dövrdə səlahiyyətlərindən sui-istifadə edərək 14,46 milyon yuan (təxminən 2 milyon ABŞ dolları) məbləğində rüşvət aldığı məlum olub. Məhkəmənin qərarı ilə sabiq məmur 2 milyon yuan (290 min dollar) cərimə də olunub.
Men Hunvey məhkəmənin qərarı ilə razılaşdığını və apellyasiya şikayəti verməyəcəyini deyib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Çinin hüquq mühafizə orqanları Men Hunveyin qanun pozuntularında şübhəli bilindiyini rəsmən elan etmiş, dövlət nəzarət komitəsi isə onun barəsində təhqiqata başlamışdı. Bundan bir neçə saat sonra İnterpol Men Hunveyin istefaya getdiyini bildirmişdi. O, 2016-cı ildən Beynəlxalq Polis Təşkilatına rəhbərlik edib. Buna qədər o, Çinin İctimai Təhlükəsizlik nazirinin müavini olub.

Tehsil-press.az

Oxşar xəbərlər