İlahiyyat İnstitutunda “Könüllülər ili” çərçivəsində tədbirlər planı hazırlanır

İlahiyyat İnstitutunda “Könüllülər ili” çərçivəsində tədbirlər planı hazırlanır Könüllülük vətəndaşların rifahını, cəmiyyətin inkişafını hədəfə alan sosial fəaliyyət istiqaməti hesab olunur. Hazırda ölkəmizdə elə bir sahə yoxdur ki, orada könüllülər fəaliyyət göstərməsin. Gənclər bu fəaliyyətlə məşğul olaraq özlərinə gözəl mühit yaradır, təcrübə toplayır, dostlar qazanırlar. Onlar üçün yaradılan əlverişli şəraitdən yararlanaraq, öz fikirlərini və düşüncələrini sərbəst şəkildə ifadə edə bilirlər.
Bu fikirləri Tehsil-press.az-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova deyib.
O bildirib ki, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin parlaq nəticəsidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən bu sahəyə göstərilən xüsusi qayğı və diqqət nəticəsində, könüllülük fəaliyyəti daha da genişlənərək ölkəmizin bütün regionlarını əhatə edir. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini formalaşdırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da fəaliyyətə başladığı gündən etibarən ölkənin sosial-ictimai həyatında fəal olmağa, ölkədə həyata keçirilən gənclər siyasətində tələbə-gənclərin aktiv iştirakına xüsusi əhəmiyyət verir. Aİİ-də könüllülük fəaliyyətinin formalaşdırılması, gənclərin bura cəlb olunması istiqamətində bir sıra görüş və tədbirlər keçirilir. Bu istiqamətdə baş tutan görüşlərdən biri də BMT-nin Azərbaycan üzrə Könüllülər Proqramının təmsilçisi Kiyoun Kimin institutumuzda keçirdiyi təqdimat idi. Bu görüşdə tədbir iştirakçılarına proqramın məqsədi, hədəfləri barədə geniş məlumat verilib.
Fidan Yusifova qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “ASAN xidmət” ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi könüllülük fəaliyyəti, eyni zamanda, Dövlət Komitəsinin tarixi, vəzifələri, hüquqları, fəaliyyət istiqamətləri ilə bağlı tələbələri məlumatlandırmaq məqsədilə “Könüllü fəaliyyət” layihəsi çərçivəsində “Könüllümüz ol” şüarı altında institutda tələbələrlə görüş keçirilib. İki ay müddətində davam edən layihədə institutumuzun tələbə-könüllüləri DQİDK-nın bütün fəaliyyət istiqamətləri barədə məlumat əldə ediblər. Sonda onlara rəhbərlik tərəfindən sertifikat təqdim olunub.
Aİİ-də Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramının da təqdimatı keçirilib. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, fəal tələbə həyatı yaşamalarına şərait yaradır. Artıq tələbə könüllülərimiz “Bir” Tələbə Könüllü Proqramının həyata keçirdiyi onlarca tədbirdə fəal iştirak ediblər. Bu istiqamətdə əməkdaşlığımız davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda 2019-cu ilin noyabr və dekabr ayında Aİİ-nin “Vikipediya” Metodik Mərkəzi fəaliyyət göstərib. Bu mərkəzin könüllüləri MEK-in “Vikipediya” Metodik Mərkəzinin təlimlərinin iştirakçıları idilər. Bu müddət ərzində Azərbaycan İlahiyyat İnstitutunun “Vikipediya” könüllüləri İslamşünaslıq və Dinşünaslıq sahələrini özündə əks etdirən 50-dən çox məqalə hazırladılar. Təlimin sonunda Azərbaycan İlahiyyat İnstitutunun əməkdaş və tələbələrinə “Vikipediya”nın Azərbaycan dili bölməsində yaratdıqları və redaktə etdikləri məqalələrə görə, MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
“Hazırda “Könüllülər ili” çərçivəsində institutumuzda həyata keçiriləcək tədbirlər planı üzərində çalışırıq. Bu istiqamətdə olan fəaliyyətimizi daha da genişləndirməyi, ölkəmizin sosial-ictimai həyatında daha fəal olmağı, cəmiyyətə layiqli və vətənpərvər gənclər yetişdirməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə Fidan Yusifova qeyd edib.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər