Bakı Ali Neft Məktəbinin 11 tələbəsi xaricdə ixtisasartırma kurslarında iştirak edəcək

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi xaricdə ixtisasartırma kurslarında iştirak edəcək Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi Norveç, Fransa və İtaliyada iki ay ərzində ixtisasartırma kurslarında iştirak edəcək.
Həmin tələbələr Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibləridir.
Layihə çərçivəsində qalib seçilən 11 nəfərdən 6-sı - Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Nigar Cahangirova, Faiq Hacıbalayev, Arzu Abdullayeva kimya mühəndisliyi ixtisasının, qalan 5 nəfər isə - Əli Nuralıyev, Aytac Xodayeva, Mirzəxan Əliyev, Xalidə Əhmədzadə, Elgün Yusifov neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələridir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xaricdə ixtisasartırma kurslarında iştirak edəcək tələbələr və onların valideynləri ilə görüşüb. Tələbələri təbrik edən rektor bildirib ki, gərgin və rəqabətli əmək bazarında peşəkar mütəxəssis kimi yetişmək üçün diplom yetərli deyil. İxtisasla bağlı biliklərlə yanaşı, praktiki bacarıqlar, xarici dil bilgiləri, yaradıcı yanaşma, idarəetmə bacarıqları, yenilikləri tətbiq etmək və onlara adaptasiya olmaq da çox önəmlidir.
Rektor əlavə edib ki, tələbələrin şəxsi inkişafında xüsusi iz qoyacaq bu kurs onların əcnəbi həmkarları ilə yeni əlaqələr qurması baxımından da perspektivlidir. E.Qasımov tələbələrə təcrübə keçəcəkləri ölkələrdə ali məktəbi, eləcə də Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib.
Görüşdə çıxış edən tələbələr və onların valideynləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər