AMEA elmi-tədqiqat institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb

AMEA elmi-tədqiqat institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşüblər.
Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də qarşıda duran məsələlər barədə ətraflı danışıb. Akademiya rəhbəri dövlət proqramlarının icrası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üzrə görülən işlərdən danışaraq ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində alimlərin üzərinə düşən vəzifələrdən ətraflı danışıb. Akademik Ramiz Mehdiyev dövlət başçısı tərəfindən AMEA kollektivi qarşısında qoyulan vəzifə və tapşırıqları yüksək işgüzarlıqla yerinə yetirəcəklərini diqqətə çatdırıb.
Sonra AMEA Rəyasət Heyətinin, eləcə də elmi-tədqiqat institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində irəli sürülən fikir və mülahizələr ətrafında geniş müzakirə aparılıb. Müzakirələrdə AMEA-nın Birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, vitse-prezidentlər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzvü Əminağa Sadıqov və İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov çıxış edərək bir sıra ümumiləşdirilmiş təklif və mülahizələrini səsləndiriblər.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin yüksək əhəmiyyət kəsb etdiyini bildirərək AMEA alimlərinin ölkənin sosial-iqtisadi inkişafında rolundan danışıb, taleyüklü məsələlərdə ölkə alimlərinin yaxından iştirakının vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də AMEA Rəyasət Heyəti üzvləri tərəfindən səsləndirilən təklif və mülahizələrə ölkəmizdə mövcud olan müvafiq qanunlara və imkanlara istinad edərək münasibətlərini bildiriblər.
Dövlət rəsmiləri 2019-cu il dekabrın 29-da keçirilmiş akademiyanın ümumi yığıncağı tərəfindən qəbul edilmiş “AMEA-nın 2020-2025-ci illər üzrə İnkişaf proqramı”nın bu qurumun həyatında əhəmiyyətli dönüş yaradacağına əminliklərini ifadə ediblər.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvləri adından dövlət rəsmilərinə minnətdarlığını bildirib, müxtəlif dövlət qurumları ilə elm sahələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, bütün sahələrdə olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafında da akademiya alimlərinin səmərəli elmi-tədqiqat işlərindən istifadənin əhəmiyyətini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər