İbtidai sinif şagirdləri üçün müsabiqə

İbtidai sinif şagirdləri üçün müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Oxu və əylən!” müsabiqəsinə start verilib.
Müsabiqənin təşkil edilməsində məqsəd ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etməkdən ibarətdir. Müsabiqə şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlarda uşaq ədəbiyyatına maraq və məhəbbət hissləri aşılamaq, şagirdlərin təxəyyül, təfəkkür və nitqini inkişaf etdirmək, məktəblilərdə obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında biliklər formalaşdırmaq kimi vəzifələrə xidmət edir.
Müsabiqə çərçivəsində ibtidai sinif şagirdləri kateqoriyalar üzrə ədəbiyyat nümunələrini müəyyənləşdirəcək və onları səs yazısı vasitəsilə obrazlı şəkildə təqdim edəcəklər. Şagirdlər müsabiqəyə yalnız fərdi qaydada qatıla bilərlər. Səsləndirilən uşaq ədəbiyyatı nümunələri 15 dəqiqədən artıq olmamalıdır.
İki mərhələdən ibarət müsabiqənin məktəbdaxili mərhələsi martın 16-dək keçiriləcək və ən yaxşı müsabiqə işi seçiləcək. Məktəbdaxili mərhələni uğurla keçən şagirdlərin təqdim etdikləri işlər final mərhələsində iştirak hüququ qazanacaq. Final turunun nəticələri müsabiqənin Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.
Final mərhələsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb həvəsləndirici yer olmaqla ümumilikdə 12 ümumtəhsil məktəbi qalib olacaq.
Qalib məktəblər BŞTİ tərəfindən mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər