Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək

Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilərin fizika və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.
Müsabiqələr üç mərhələdə IX-XI sinif şagirdləri arasında keçiriləcək. Hər iki müsabiqənin birinci mərhələsi noyabrın 21-dən 30-dək təhsil müəssisələrində təşkil olunacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi dekabrın 1-2-də, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi isə dekabrın 4-5-də olacaq. İkinci mərhələdə hər rayon üzrə birinci yeri tutan qalib komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Üçüncü mərhələ isə hər iki müsabiqə üzrə dekabrın 6-dan 11-dək keçiriləcək. Bakı şəhəri üzrə final mərhələsində (üçüncü mərhələdə) hər rayondan bir komanda, ümumilikdə 12 komanda iştirak edəcək və ilk üç yeri tutan komandalar qalib hesab olunacaq.
Komandalar üç nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) ibarət olmalıdır.
Müsabiqələrin əsasnaməIərinə görə, birinci və ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq otuz sualdan ibarət test tapşırığını, iki məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, bir təcrübə işini yerinə yetirməlidirlər.
Test tapşırıqlarının hər birinin doğru cavablandırılması bir balla, məsələ və təcrübə işi beş balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.
Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi


Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək

Oxşar xəbərlər