Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti - 2020”də iştirak edib.
Üç gün davam edən sammitə dünyanın müxtəlif universitetlərindən, eləcə də təhsil agentliklərindən 600-ə yaxın iştirakçı qatılıb. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.
Rektor səfər zamanı EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.
E.Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ilə də görüşüb.
Sammit çərçivəsində panel sessiyaları və sərgi də təşkil olunub. Bakı Ali Neft Məktəbini sammitdə spiker qismində təmsil edən İnformasiya Təhlükəsizliyi ixtisasının baş müəllimi Xəyyam Məsiyev Rəqəmsallaşdırma və innovasiya paneli üzrə “Blokçeyn texnologiyalarını tətbiq etməklə kibertəhlükəsiz sosial cəmiyyət platforması” mövzusunda çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgidə BANM rəsmi stendi ilə də təmsil olunub. Stenddə ali məktəbin ən son nailiyyətləri təqdim edilib. Tədris metodologiyası, qəbul mexanizmi, geniş əməkdaşlıq və iş imkanları barədə ziyarətçilərə məlumatlar təqdim olunub. ABŞ, Türkiyə, Qazaxıstan, İran və İtaliyadan olan iştirakçılar stendə xüsusi maraq göstəriblər.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın 3-cü böyük beynəlxalq təhsil və sərgi sammitidir. Hər il keçirilən EURAS-ın illik sammiti çərçivəsində sərgilər və konfranslar təşkil olunur, müxtəlif təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər diskussiyalar aparır. Bu sammit iştirakçılar üçün məlumat mübadiləsi, əlaqələrin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları üçün yaradılmış fürsətdir.

Tehsil-press.az



Oxşar xəbərlər