Əli bəy Hüseynzadə haqqında ilk biblioqrafik əsər nəşr olunub

Əli bəy Hüseynzadə haqqında ilk biblioqrafik əsər nəşr olunub AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının elmi şurasının qərarı ilə “Əli bəy Hüseynzadə - biblioqrafik monoqrafiya” kitabı nəşr olunub.
Monoqrafiyanın tərtibçisi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır. Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turandır. Nəşrin elmi redaktorları və məsləhətçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərli və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovdur. Kitabın rəyçiləri filologiya üzrə elmlər doktoru Almaz Ülvi, tarix üzrə fəlsəfə doktoru, dosent Solmaz Sadıqova və pedaqogika üzrə fəlsəfə doktorları – dosent Sima İsmayılova, dosent Xuraman Ağayevadır.
XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunan bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik monoqrafiyadır. Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cu illərin faktları əks olunub. Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir. Burada Əli bəy Hüseynzadə haqqında bioqrafik məlumatlar, yazıçının elmi əsərlərinin biblioqrafiyası, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin onun haqqında söylədikləri fikir və mülahizələr və digər sənədlər təqdim olunub.
Ümumilikdə, biblioqrafiyada 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanılan qiymətli materiallar - əlyazmalar, məktublar, arxiv sənədləri verilib.

Tehsil-press.az

Oxşar xəbərlər