“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimatı olub

“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimatı olub M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Cəfərzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” adlı kitabının təqdimatı olub.
Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 7-ci Bakı Zirvə görüşü münasibətilə təşkil edilən “Türk dünyası həftəsi” çərçivəsində gerçəkləşib.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb. Azərbaycanlı elm adamlarının türk dünyasının mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr verdiyini deyən K.Tahirov bildirib ki, Azərbaycan alimləri bu istiqamətdə hər zaman fəallıq göstərib və bu ənənə davam etməkdədir. Qeyd edib ki, türk dünyasının böyük oğlu Nizami yaradıcılığına həsr edilmiş “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabı türk dünyasının ədəbiyyatına verilən töhfədir. Monoqrafiyanın Azərbaycan ədəbiyyatşünaslığında əhəmiyyətini xüsusi qeyd edən Milli Kitabxananın direktoru müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və başqaları qeyd ediblər ki, monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə də müasir dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Əzizağa Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.
Vurğulanıb ki, Ə.Cəfərzadənin bu araşdırması Azərbaycan nizamişünaslığını demək olar, bütün mərhələlərində məşğul edən və aktuallığını itirməyən problemə həsr edilib. Kitabda şairin öz soy kökünə olan dərin rəğbəti və Azərbaycan alimlərinin tədqiqatlarındakı əksinin öyrənilməsi sistemli şəkildə, xronoloji ardıcıllıqla təqdim edilir. Müəllif kitabda tədqiqat obyektinə həssaslıqla yanaşaraq fərqli ictimai-siyasi şəraitdə yaşayıb-yaratmış ayrı-ayrı alimlərin elmi irsində öz araşdırmasını müqayisəli şəkildə oxuculara çatdırır.
Kitabın baş elmi məsləhətçisi və “Ön söz” müəllifi AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusifli və filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.


Tehsil-press.az

Oxşar xəbərlər