Almaniya universiteti azərbaycanlı gənclərdən yazıb

Almaniya universiteti azərbaycanlı gənclərdən yazıb Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu keçiriləcək
Martın əvvəllərində Almaniyanın Freiberg Universiteti və "Horizon Education Agency" təşkilatının birgə dəstəyi ilə Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu keçiriləcək. Elmi-tədqiqatlar sahəsində təşəbbüskarlığı ilə seçilən bir qrup azərbaycanlı gənc tərəfindən reallaşdırılacaq Qlobal Mühəndislik Simpoziumu Almaniyada da maraqla qarşılanıb. Freiberg Universitetinin internet səhifəsində simpoziumla bağlı məlumat dərc olunub. Almaniyada magistratura təhsili alan, "Horizon Education Agency" şirkətinin layihə rəhbəri və həmtəsisçisi Ənvər Məmmədliyə istinad olunan məlumatda almaniyalı professorların da iştirak etdiyi simpoziumun əhəmiyyətindən bəhs olunub.
Ə.Məmmədlinin universitetin saytına verdiyi məlumata görə, Azərbaycanda unikal olan ingilisdilli tədbirdə o, Azərbaycan universitetlərində təhsil alan tələbələrə, eləcə də müxtəlif mühəndislik fənlərini öyrənən gənc mütəxəssis və alimlərə mühəndislik fəaliyyətinin spektri haqqında təsəvvür əldə etmək və şəxsi şəbəkə yaratmaq imkanı vermək istəyir.
"Simpozium neft texnologiyası, kimya mühəndisliyi, dağ-mədən texnologiyaları, maşınqayırma, tikinti və informasiya texnologiyaları sahələrindən olan insanları bir araya gətirmək və fikir mübadiləsi üçün bir platforma təklif etmək üçün nəzərdə tutulub",- deyə Ə. Məmmədli bildirib. Bu il martın 13-14-də keçiriləcək simpoziumda 14 ölkədən 18 məruzəçi və 400-ə yaxın iştirakçı bir araya gələcək. Simpoziumun spikerləri İngiltərə, Yunanıstan, Almaniya, Malayziya, İrlandiya, Hindistan, İrandan, mühəndisləri isə Portuqaliya, BƏƏ, Hollandiya, Braziliya, Cənubi Afrika və Azərbaycandan olacaq.
Simpozium Azərbaycan Diasporuna Dəstək Fondu, Almaniya səfirliyi, Almaniyada Azərbaycan Tələbə və Elmi İşçilər Birliyi (VASW ), Almaniya Freiberg Universiteti, AzerGold, STEP IT Agency, AZELKO kimi təşkilatlar tərəfindən dəstəklənir.
Məlumatda qeyd olunur ki, "Horizon Education Agency" şirkətinin bu səpgidə 3-cü tədbiri 2020-ci ilin 24 oktyabr tarixində Cənubi Afrika Respublikasının Bloemfontein şəhərində bas tutacaq.
Beləliklə, dünyanın qədim mədən universiteti kimi tanınan Frayberge Universiteti, sadəcə bir neçə təşəbbüskar azərbaycanlı gəncin gördüyü işdən yazıb. Xatırlatmaq yerinə düşər ki, Freiberg Texnik Universiteti mədən ixtisası üzrə dünya universitetləri arasında 4- cü, Avropada isə 1-ci yerdədir.
Sonda qeyd edək ki, Qlobal Mühəndislik Simpoziumunun təşkil olunmasında əsas məqsəd ölkəmizdə mühəndis olmağa can atan gənclərin bu sahənin peşəkarları ilə görüşərək mühəndislik sahəsində bilik və bacarıqlarının artırılmasını təmin etmək, həmçinin, onları həvəsləndirmək və motivasiya etmək, gənclərimizin ölkəmizdə və xaricdə mühəndislik karyeralarını uğurla qurmasına təkan verməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər