ADNSU ilə Rusiya Kimya-Texnologiya Universiteti arasında saziş imzalanıb

ADNSU ilə Rusiya Kimya-Texnologiya Universiteti arasında saziş imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin rektoru, professor Aleksandr Majuqa ilə iki ali məktəb arasında əməkdaşlığa dair saziş imzalayıb.
Ölkəmizin nümayəndə heyətinin Moskvaya səfəri 2019-cu il noyabrın 20-dən 25-dək Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunan innovasiya, rəqəmsal iqtisadiyyat və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə sazişlərin icrasına uyğun olaraq gerçəkləşdirilib. Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevin ölkəmiz tərəfindən həmsədri olduğu ekspert işçi qrupunun tərkibinə professor M.Babanlı ilə yanaşı, AzTU və AzMİU-nun rektorları Vilayət Vəliyev və Gülçöhrə Məmmədova, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi ekspertiza və monitorinq şöbələrinin rəhbərləri Məmməd Balacanov və Tural Orucov daxil idi.
D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində keçirilən görüşdə bu təhsil müəssisəsinin rektoru, professor Aleksandr Majuqa Azərbaycan universitetləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Azərbaycan nümayəndə heyətinin üzvləri təmsil etdikləri qurumlar haqqında məlumat verdikdən sonra tərəflər ikili proqramlar, birgə tədqiqatlar, “Dolina Mendeleyeva” innovasiya mərkəzi çərçivəsində əməkdaşlığın qarşılıqlı maraq doğurduğunu ifadə ediblər. ADNSU-nun rektoru rəhbərlik etdiyi universitetin Kimya-texnologiya fakültəsinin yetirmələrinin kimya elminə töhfələri, kimya üzrə ixtisasların Avropada akkreditasiyadan keçməsi istiqamətində işlərin tamamlanmaq üzrə olduğunu, kimya-texnologiya ilə informasiya texnologiyalarının imkanlarının sintez edilməsinə dair fəaliyyət aparıldığını, innovativ ideyaları olan tələbələrin ali məktəbin nəzdindəki “easy START” Startap və İnnovasiya Mərkəzində layihələr üzərində işlədiklərini və həmin işlərdən bəzilərinin beynəlxalq müsabiqələrdə uğur qazandığını diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər