Türkiyədə qalan azərbaycanlı tələbələrə dövlətimiz tərəfindən hər cür yardım göstərilir

Türkiyədə qalan azərbaycanlı tələbələrə dövlətimiz tərəfindən hər cür yardım göstərilir Yeni növ koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə qalan soydaşlarımıza, eləcə də bu ölkədə təhsil alan tələbələrimizə ölkəmizin Türkiyədəki diplomatik nümayəndəlikləri tərəfindən müxtəlif yardımlar göstərilib.
Türkiyədə qalan və təhsillərini onlayn sistemlə davam etdirən gənclərimizdən Manisa şəhərinin Cəlal Bayar Universitetinin tələbəsi Türkan Cəfərova, İstanbul Universitetinin tələbəsi İxtiyar Qurbanov və Eskişehir Osmanqazi Universitetinin tələbəsi Cavid Əmirov bu barədə Tehsil-press.az-a bildiriblər.
Onlar vətəndaşlarımızın bir hissəsinin dövlətimiz tərəfindən təşkil olunan çarter reysləri vasitəsilə Vətənə qayıtdığını, bir hissəsinin isə Türkiyədə qalmalı olduğunu bildiriblər.
Qeyd edilib ki, hazırda Türkiyədə qalan soydaşlarımızın heç bir çətinlikləri yoxdur. Ölkəmizin rəhbərliyi və Türkiyədəki səfirliyimiz burada qalan tələbələrə müxtəlif yardımlar göstərir. Bunun üçün səfirlik və təhsil müşavirliyi nəzdində pandemiya ilə bağlı forum yaradılıb. Bu forum vasitəsilə Türkiyədə qalan həmyerlilərimiz, o cümlədən tələbələr mütəmadi olaraq məlumatlandırılır. Yaradılan sosial əlaqə vasitəsilə Türkiyədəki tələbələr özləri və üzləşdikləri çətinliklər barədə məlumat verirlər. Bundan sonra həmin tələbələrlə əlaqə yaradılır və problemlərin aradan qaldırılması ilə bağlı kömək göstərilir. Burada söhbət qida və bəzi tələbələrin kirayə pullarının ödənilməsindən gedir. Yardımlar yalnız maddi deyil. Pandemiya başlayan gündən indiyədək tələbələrlə bir çox mövzularda, o cümlədən “Evdə qal” kampaniyası ilə bağlı maarifləndirici danışıqlar aparılır.
Tələbələr dövlətimiz tərəfindən onlar üçün yaradılan yardım kampaniyasının bəzi şəxslər tərəfindən sui-istifadə edildiyini də qeyd ediblər. Bildirilib ki, uzun illərdir Türkiyədə yaşayan və heç bir maddi çətinliyi olmayan şəxslər də yardım almaq üçün səfirliyə müraciət ediblər. Bu da yardım göstərilməsinin operativliyinə mənfi təsir göstərir. Belə halların qarşısının alınması istiqamətində işlər aparılır.
Qeyd edək ki, Türkiyədə 20 mindən artıq tələbəmiz təhsil alır. Bu gənclərin mütləq əksəriyyəti hazırda Türkiyədə qalır və onlayn dərslərə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər