Dendrologiya İnstitutunun əməkdaşları elmi-tədqiqatlarını davam etdirirlər

Dendrologiya İnstitutunun əməkdaşları elmi-tədqiqatlarını davam etdirirlər Karantin dövrünün tələblərinə uyğun olaraq, AMEA Dendrologiya İnstitutu fəaliyyətini distant formada davam etdirir. Elmi işçilər Elnarə Salahova və Vüsalə Bədəlovadan apardıqları tədqiqatlar sayəsində Berberis vulgaris L. növünün müalicəvi əhəmiyyəti və Passifloraceae fəsiləsinə aid bəzi perspektivli növlərin Abşeron şəraitində introduksiyası haqqında onlayn müsahibədə götürülüb.
İnstitutun əməkdaşı Salahova Elnarə bu gün dünyada COVID-19 infeksiyası ilə mübarizə aparıldığı bir dövrdə bu virusu məhv edən preparat olmadığına görə yeganə çıxış yolunun özünü cəmiyyətdən təcrid etməklə yanaşı, immun sistemin möhkəmlənməsinin vacib olduğunu vurğulayıb. Nəzərə alsaq ki, bu virusun əsas hədəflərindən biri hipertoniklər və şəkərli diabet xəstələridir, onda zirinc bu xəstəliklə mübarizədə əvəzedilməz bitkilərdən biridir. Belə ki, zirinc bitkisi qan təzyiqini aşağı salmaq xüsusiyyətinə malikdir. Həmçinin onun tərkibində saxaroza olmadığından şəkərli diabet xəstələri qorxmadan bu bitkidən istifadə edə bilər. Habelə zirinc meyvəsindəki polifenollar orqanizmin virusla mübarizədə əsas silahı olan interferonların işini yerinə yetirməklə iltihabi proseslərin qarşısını almaqda böyük kömək göstərir.
Berberis vulgaris L. növündən təkcə preparatlar şəklində deyil, həmçinin ev şəraitində immun sistemin möhkəmləndirilməsində istifadə etmək olar. Meyvələri qida sahəsində tətbiq edilir. Sözügedən növün köklərində və qabığında olan alkoloidlərdən müalicəvi məqsədlər üçün istifadə etmək mümkündür. Kök, yarpaq və qabığında berberin, üzvi turşular, C və E vitamini, flavonoid, aşı maddələri və mikroelementlər, yarpaqlarda isə P vitamini var.
Meyvələri mikroelementlərlə zəngindir. Bu sıraya üzvi turşular, C və K vitaminləri, karotinoidlər, polifenollar - antosian, flavinoidlər, leykoantosian, katexinlər daxildir. Berberis vulgaris L. növündən alınan preparatlarla malyariyaya qarşı mübarizə aparılır. Ağciyər və öd kisəsinin müalicəsində, soyuqdəymədə, qan təzyiqinin və ürək döyüntüsünün aşağı salınmasında yarpaqların dəmləməsindən istifadə edilir.
İnstitutun elmi işçisi Vüsalə Bədəlova isə Azərbaycanda ilk dəfə olaraq Passifloraceae fəsiləsinin dərman əhəmiyyətli növlərinin Abşeron şəraitində çoxaldılması, bioekoloji, farmakoloji və dekorativlik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində apardığı eksperimental tədqiqat işlərindən danışıb. Elmi işçi tədqiqatlarını Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində və kameral laboratoriyada aparıb. İstifadə olunan toxumlar Pekin, Tailand, Kanada və Avstraliya botanika bağından əldə edilib. Tropik bitkilər olan Passiflora İncarnata L, Passiflora edulis L (Marakuya), Passiflora liqularis L növün Abşeron şəraitinə uyğunlaşdırılması məqsədilə onların toxumla çoxaldılması, cücərtilərin morfoloji quruluşu, inkişaf dinamikası araşdırılıb. Tropik bitkilər olduğundan temperatur rejiminə riayət edilib və məlum olub ki, hər üç növün toxumları 25-35 dərəcə temperaturda daha yaxşı cücərir. Tədqiq edilən növlər dərman əhəmiyyətli olduğundan sinir sisteminin müxtəlif xəstəliklərində istifadə olunan preparatların əsas tərkib hissəsidir. Eyni zamanda, yeyilən meyvələrdən Avropa, Asiya ölkələrinin, ABŞ-ın qida sənayesində geniş istifadə olunur.

Tehsil-press.az



Oxşar xəbərlər